...

Ekspert: "Azərbaycanda "Dövlət maliyyə nəzarəti haqqında" qanuna ehtiyac artır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 12:53 (UTC +04:00)
Ekspert: "Azərbaycanda "Dövlət maliyyə nəzarəti haqqında" qanuna ehtiyac artır"

Azərbaycan, Bakı / müx. Trend / Azərbaycanın Hesablama Palatasının altı illik təcrübəsi göstərir ki, onun fəaliyyətini, habelə digər maliyyə nəzarəti orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsinə ehtiyac var. Bu fikri Trend analitik mərkəzinin eksperti Ellada Xankişiyeva ifadə edib. Onun sözlərinə görə, bu, "Dövlət maliyyə nəzarəti haqqında" qanunun qəbulunun sürətləndirilməsi zərurətini daha da artırır. Həmin qanun maliyyə nəzarətinin tətbiqinin vahid hüquqi və metodoloji əsaslarını, habelə dövlət maliyyə nəzarəti orqanlarının vahid sistemini və onların qarşılıqlı əlaqələrini təmin edəcək.

Hazırda "Dövlət maliyyə nəzarəti haqqında" qanun layihəsinin yekun variantı beynəlxalq maliyyə institutlarında ekspertizadadır. "Büdcə sferasının heç bir sahəsi nəzarətdən kənar qala bilməz. İş onda deyil ki, yoxlamaları kim keçirəcək və maliyyə nəzarətində kim üstündür: Hesablama Palatası, yaxud Maliyyə Nazirliyi. Qanunun gücünə əsaslanan effektiv nəzarətə ehtiyac var. "Dövlət maliyyə nəzarəti haqqında" qanun olmalıdır" - deyə Xankişiyeva bildirib.

Ötən il Hesablama Palatası 18 audit yoxlamaları həyata keçirib. Yoxlamalar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində, Keşlə yükdaşıma stansiyasında, notarial kontorlarda, Xarici Dillər Dövlət Universitetində, Təhsil Nazirliyində, Xətai bələdiyyəsində, qaçqınlar və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsində və İTV-də aparılıb.

Azərbaycan parlamenti çərşənbə axşamı Heydər Əsədovun Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsi ilə bağlı qərar qəbul edib. Əsədov bu postda Namiq Nəsrullayevi əvəzləyib. Əvvəllər Əsədov maliyyə nazirinin müavini və dövlət xəzinadarlığının rəhbəri olub. Nəsrullayev səhhətindəki problemlərlə bağlı istefa ərizəsini yazıb.

Xəbər lenti

Xəbər lenti