...

İFC Rabitəbank-a texniki yardım göstərməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Rabitəbank-a texniki yardım göstərilməsini nəzərdə tutan layihəni  həyata keçirməyə başlayıb. Bu barədə bankdan verilən məlumatda bildirilir. Layihə dünyanın nüfuzlu maliyyə institutlarında iş təcrübəsi olan beynəlxalq ekspertlər tərəfindən banka məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur, habelə risklərin idarə olunması, strateji planlaşdırma və informasiya idarəetmə sistemlərini əhatə edir.

Məsləhət xidmətləri banka bu ilin martında Rabitəbank-la İFC arasında imzalanmış sazişlər çərçivəsində göstərilir. Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədini daşıyan razılaşmalar Rabitəbank-a kredit xəttinin ayrılmasını və İFC tərəfindən bankın səhmlərinin 10%-dən 20%-dək  alınmasını nəzərdə tutur.

Hazırda həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Rabitəbank-a texniki yardımın göstərilməsi layihəsi də həyata keçirilir. Layihəyə əsasən, iki beynəlxalq məsləhət şirkəti beynəlxalq ekspertlərlə birgə banka kiçik və orta biznes, habelə mikrokreditləşmə sahəsində kreditlərin qiymətləndirilməsi üzrə xidmət göstərir.

Rabitəbank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa 1998-ci ildən Beynəlxalq Maliyyə Korporasyası ilə imzaladığı kredit müqaviləsindən sonra başlayıb. Hazırda Rabitəbank İFC ilə yanaşı İslam İnkişaf Bankı, habelə EBRD ilə əməkdaşlıq edir. Banka ayrılan kredit xətlərinin ümumi həcmi 8 milyon dollardan çoxdur.

Xəbər lenti

Xəbər lenti