...

Antiinhisar qanunvericiliyin qorunması məqsədilə Azərbaycan digər dövlətlərlə birgə araşdırmalarda iştirak edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2007 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova /  Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçirilən Amerika Hüquqşünaslar Asossiasiyasının 55-ci yaz görüşündə iştirak edib. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumata görə, ölkəmizi bu tədbirdə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin rəisi Samir Dadaşov və xidmətin analitik-informasiya sektoru müdiri Elşad Məmmədov təmsil edib.

Görüşdə 40-dan çox ölkənin nümayəndəsi, o cümlədən ABŞ Federal Ticarət Komissiyasının büro və komissiya üzvləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ABŞ Ədliyyə Departamenti və Avropa Komissiyasının təmsilçiləri iştirak edib. İştirakçılar arasında MDB ölkələrindən yalnız Rusiya və Azərbaycanı təmsil edən şəxslər olub.

Tədbir ABŞ-ın antiinhisar hüququnun bütün aspektlərini, o cümlədən istehlakçı hüquqlarının müdafiəsinə dair qanunvericiliyi əhatə edən 50 sessiyadan ibarət olub.

Sessiyalarda telekommunikasiya sferasında antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət, intellektual mülkiyyətin qorunması və piratçılıqla mübarizə, birləşmə və qovuşmalara nəzarət və s. məsələlər müzakirə olunub. Antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısını almaq məqsədilə müxtəlif ölkələr arasında birgə araşdırmaların aparılması barədə təkliflər səslənib. Konkret olaraq burada həm transsərhəd müəssisələrin fəaliyyətinin araşdırılması, həm də tədarükçü ilə idxalçı arasındakı müqavilələrin təhlili, distribyutor şəbəkəsinə daxil olan, o cümlədən françayzinq müqaviləsi əsasında fəaliyyət göstərən şirkətlərin işgüzar davranışının öyrənilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti