...

Müəssisə rəhbəri: Gəncə avtomobil zavodunda 1200-dək MAZ avtomobili yığıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2007 17:03 (UTC +04:00)
Müəssisə rəhbəri: Gəncə avtomobil zavodunda 1200-dək  MAZ avtomobili yığıla bilər

Azərbaycan, Gəncə / müxbir Trend V.Məmmədov/ Tələbat olarsa, il ərzində Gəncə Avtomobil Zavodunda (GAZ) 1200-dək MAZ avtomobili yığmaq olar. Bu barədə zavodun direktoru Xanlar Fətiyev bazar ertəsi GAZ-da yeni istifadəyə verilən MAZ yük avtomobillərinin yığım xəttinin və üç yük avtomobilinin təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, istifadəyə verilən xətdə MAZ avtomobillərinin doqquz müxtəlif modeli yığılacaq.

Fətiyev qeyd edib ki, yığılan modellər "Pəhləvan" və "Gəncə" adlandırılıb və avtomobillərin yük götürmə qabiliyyəti 10 tondan 20 tona kimidir. GAZ-da yığılan MAZ avtomobillərinin qiyməti isə 23 min manatdan başlayır və modelləri üzrə artan xətlə dəyişir.

"Hazırda MAZ-ın bütün hissələri Minsk Avtomobil Zavodundan gətirilir. Yaxın gələcəkdə MAZ-ın ehtiyat hissələrinin təxminən 40 faizini respublikada istehsal etmək niyyətindəyik", - deyə Fətiyev məlumat verib.

Təqdimat mərasimində MAZ şirkətinin nümayəndəsi Dmitri Tomilçik iştirak edib. O məlumat verib ki, Gəncə Avtomobil Zavodunda çox az bir müddətdə nəzərəçarpacaq dərəcədə işlər görülüb və texnikanın yığılması üçün zavod avadanlıqlarla təmin olunub.

Tomilçik Gəncə Avtomobil Zavodunun MAZ-ın əməkdaşlıq etdiyi müəssisələrdən ən qabaqcıl olacağına əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti