...

Azərbaycan Beynəlxalq Bankı əhalinin əmanətləri üçün faizləri artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2007 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Beynəlxalq Bankı 2007-ci il iyunun 1-dən etibarən manat və ABŞ dolları ilə cəlb olunmuş əmanətlərə görə faiz dərəcələrinin artırılacağını bəyan edib. Bu barədə bankın yaydığı məlumatda göstərilib.

Sonuncu dəfə ABB faiz dərəcələrini 2006-cı ilin 1 iyununda artırmışdı. Artım həm manat, həm də ABŞ dolları ilə olan əmanətlərə aid olacaq. Artımın həddi isə qoyulan pulun həcmi, vaxtı, alınma formasından asılı olaraq illik minimum 6,4 faizdən maksimum 19 faiz arasında dəyişəcək.

Dəyişikliklər əsasən qısa və uzunmüddətli - 3 aydan 4 ilə qədər olan depozitlərə təsir edib. Aylıq faiz ödəməsi ilə iki illik depozitin faiz dərəcəsi 120 bazis dərəcəsi artmaqla 12,8 faiz təşkil edib. Artımdan sonra isə illik depozit qoyuluşu üçün depozit dərəcəsi illik 12 faiz təşkil edib.

Faizlərin artımı ilə yanaşı bank əmanətçi müştərilərin sayını artırmaq üçün bir sıra əlavə şərtlər də tətbiq edəcək. Məsələn, 1 ildən 5 ilə qədər olan ABŞ dolları və manatla qoyulan əmanətlər üçün faizlər hər ilin sonunda ödənilərkən "baza" tariflərindən asılı olaraq daha 80 bazis dərəcəsi artırılır, müddətin sonunda faizlərin ödənilməsi zamanı isə 100-dən 300 bazis dərəcəsinə qədər artım nəzərdə tutulub.

Əmanətçilərə (vəsaitin həcmi və müddətindən asılı olaraq) pulsuz olaraq Visa Electron, Cirrus Maestro, Visa Classic, Visa Gold, MasterCard Standard, yaxud MasterCard Gold kartları, həmçinin 60 faizdən 70 faizə qədər əmanət həcmində kredit xətti təqdim olunur.

Əmanətin müddəti Manat yaxud ABŞ dolları ilə
Faizlərin aylıq ödənilməsi ("baza faizi") Faizlərin ilin sonunda ödənilməsi Faizlərin müddətin sonunda ödənilməsi
3 ay 9,0% illik - -
6 ay 10,0% illik - -
9 ay 11,0% illik - -
12 ay 12,0% illik 12,8% illik -
18 ay 12,4% illik 13,2% illik 13,4% illik
24 ay 12,8% illik 13,6% illik 14,2% illik
36 ay 13,6% illik 14,4% illik 15,8% illik
48 ay 14,4% illik 15,2% illik 17,4% illik
60 ay 15,2% illik 16,0% illik 19,0% illik
Depozit Sertifikatı - - 10,0% illik

2007-ci il iyunun 1-nə qədər imzalanmış depozit müqavilələrinə xidmət müqavilə müddəti bitənə qədər cari tariflərlə aparılacaq. Müqavilənin tarixi uzadıldıqda, yaxud bu, avtomatik olaraq uzadıldıqda yeni faiz dərəcələri ilə xidmət göstəriləcək.

Xəbər lenti

Xəbər lenti