...

"Palmali" Şirkətlər Qrupunun sifarişi ilə yeni yük gəmisi tikilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Çərşənbə günü Nijni Novqorod şəhərinin "Krasnoe Sormovo" gəmiqayırma zavodunda "Palmali" Şirkətlər Qrupunun sifarişi ilə RSD17 layihəsi əsasında inşa edilən beşinci yük gəmisinin suya salınma mərasimi keçirilib. Quru yük gəmisi Azərbaycanın məşhur iqtisadçı alimi, akademik Əhməd Mahmudovun adını daşıyır. Bu barədə məlumatı "Palmali" şirkəti yayıb.

Gəminin dedveyti 6 271 tondur. Uzunluğu 121.7 metr, eni 16.5 metr, göyərtəsinin hündürlüyü 6.2 metr, su altında qalan hissəsi 5.06 metrdir. Gəmi heyəti 14 nəfərdən ibarətdir.

Odessa şəhərinin "Gəmi Mühəndisliyi Bürosu" tərəfindən hazırlanan layihə əsasasında inşa edilən gəmi beynəlxalq konvensiyaların və ekoloji standartların bütün tələblərinə cavab verir. Adıçəkilən gəmidə bir çox konstruktiv təkmilləşdirmələr tətbiq olunub və bununla da onun yük tutumu artırılıb.

Gəminin suya salınma mərasimində şirkətin prezidenti Mübariz Mənsimovun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycanın RF-dəkı səfiri Polad Bülbüloğlu, azərbaycanlıların Rusiyadakı diaspor təşkilatlarının təmsilçiləri, Əhməd Mahmudovun ailə üzvləri, Nijni Novqorod əyalətinin və Sormovo inzibati rayonunun rəhbərliyi, "Krasnoe Sormovo" zavodunun nümayəndələri və işçiləri iştirak ediblər.

Məlumatda göstərilib ki, Əhməd Mahmudovun oğlu, Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov "Palmali" Şirkətlər Qrupunun prezidenti Mənsimova onun atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

Mərasimin sonunda köhnə dənizçi ənənəsinə uyğun olaraq Əhməd Mahmudovun qızı Elmira Mahmudova şampan şərabı şüşəsini gəminin göyərtəsinə çırpıb.

"Palmali" Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşmaları həyata keçirir. Bunula yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşmaları üzrə liderdir. Şirkətin donanması  kirayə götürülmüş gəmilər də daxil olmaqla 120-dən artıq tanker və yük gəmisindən ibarətdir.

"Palmali" əsasən neft məhsulları (benzin, qazoyl, vakumlu qazoyl, yanacaq, ağ neft), xam neft, ərzaq və sənaye yağlarının daşınmasında ixtisaslaşıb. Şirkətə məxsus quru yük gəmiləri həmçinin bütün növ quru yüklərin daşınmasını da həyata keçirir.

Xəbər lenti

Xəbər lenti