...

Gəncədə unun qiyməti orta hesabla 40%-dək artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə unun qiyməti orta hesabla 40%-dək artıb. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, unun çörək istehsalında ən çox işlənilən növünün 50 kiloqramlıq kisəsinin qiyməti 13 manatdan 18 manatadək artıb. Un məhsullarının bahalaşmasına səbəb kimi ölkədə buğdanın qiymətinin təxminən 30 %-dən çox artmasıdır.

Samux rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov ölkədə taxıl əkininin 15-20 % azalmasını vurğulayaraq, bu amilin də sözügedən məsələyə təsir göstərdiyini bildirib.

"Hava şəraiti ilə əlaqədar olaraq ölkədə taxıl biçini vaxtı təxminən 20 gün gecikdiyindən, bazarlarda buğda qıtlığı yaranıb. Əgər fabriklər əvvəllər yerli buğdanın bir tonunu təxminən 160 dollara alırdılarsa, hazırda bu göstərici 200 dollardan aşağı deyil. Artıq Rusiya və Qazaxıstandan gətirilən buğdanın da qiyməti bahalaşıb. Belə ki, Rusiyadan alınan buğdanın bir tonunun qiyməti 125 dollardan 235 dollaradək bahalaşıb ki, bu da 40 faizdən çoxdur" deyə Abbasov əlavə edib.

Abbasov bu qıtlığın taxıl biçini başa çatdıqdan sonra nisbətən aradan qalxacağını, buğdanın qiymətinin də bir qədər aşağı düşə biləcəyini söyləyib.

Hazırda Gəncənin mağazalarında satılan çəkisi 600 qram olan çörəyin qiyməti 20 qəpikdən 30 qəpiyə qədər artaraq 50% bahalaşıb.

Artıq bir neçə gündür ki, şəhərin iri un fabrikləri istehsalı dayandırıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti