...

Müasir iqtisadi-ticari münasibətlər araşdırma Mərkəzinin rəhbəri: Azərbaycanın ÜTT-yə daxil olması qeyri-neft sahəsində investisiyaları artıracaq(video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2007 20:12 (UTC +04:00)
Müasir iqtisadi-ticari münasibətlər araşdırma Mərkəzinin rəhbəri: Azərbaycanın ÜTT-yə daxil olması qeyri-neft sahəsində investisiyaları artıracaq(video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bakıda cümə axşamı "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü: Əqli mülkiyyət sahəsində problemlər və həlli yolları" mövzusunda dəyirmi masa keçirilib. Görüş Müasir iqtisadi-ticari münasibətlər araşdırma Mərkəzi (Mitmam) tərəfindən təşkil olunub.

Mərkəzin rəhbəri Rəşad Əliyev bildirib ki, Azərbaycanın ÜTT-yə daxil olma prosesi artıq 10 ildir ki, davam edir, amma hələ ki, ölkənin təşkilatın sıralarına daxil olması ilə bağlı vahid ictimai rəy formalaşmayıb.

O, ÜTT-yə daxil olmanın müsbət tərəflərini qeyd edib. Xüsusilə üzvlükdən sonra Azərbaycanın ticarət əlaqələri 150 ölkənin vahid qaydalarına uyğun olaraq inkişaf edəcək.

"Qanunvericilik bazası inkişaf edəcək, Azərbaycanda istehsal olunan məhsullara qarşı ikili standart tətbiq olunmayacaq", - deyə o bildirib.

Həmçinin onun sözlərinə görə, xüsusilə qeyri-neft sektorunda investisiyalar artacaq.

İqtisadi islahatlar daha effektiv həyata keçiriləcək. Həmçinin Azərbaycan ÜTT çərçivəsində mövcud olan iqtisadi münaqişə vəziyyətlərinin həll olunması üzrə nadir sistemdən istifadə edə biləcək.

"Daxili standartlar beynəlxalq standartlara uyğun olacaq", - deyə o bildirib.

Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin rəhbəri Hidayət Həsənli öz çıxışında bildirib ki, dünya iqtisadiyyatının 13 faizi intellektual sənayenin payına düşür.

"İnkişaf etmiş ölkələrdə bu göstərici dörd faizə bərabərdir. Azərbaycanda da bu göstərici böyükdür və ÜDM-də 2,4 faiz təşkil edir", - deyə o söyləyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da əqli mülkiyyətlə bağlı problemlər var. "10 audio-video kasetdən 8-i piratdır. Kitabların 80 faizi müəllif hüquqlarının pozulması ilə buraxılır. Kompyuter proqramlarının 94 faizə qədəri piratdır", - deyə o bildirib.

Hazırda Agentlik bu pozuntularla mübarizə üzrə normativ-hüquqi baza hazırlayır.

Xəbər lenti

Xəbər lenti