...

Azərbaycan "Şahdəniz" qaz yatağının işlənilməsində "Mərhələ-2"-nin başlama tarixini uzadıb (video)

Energetika Materials 1 Oktyabr 2007 18:59 (UTC +04:00)
Azərbaycan "Şahdəniz" qaz yatağının işlənilməsində  "Mərhələ-2"-nin başlama tarixini uzadıb (video)

Azərbaycan, Bakı/ Trend , müxbir V.Şərifov/ "Şahdəniz" yatağında dördüncü quyunun qazılmasının (SDX-4) gecikməsi 2013-cü ilə qədər genişmiqyaslı "Mərhələ-2"-nin həyata keçirilməsinin gecikməsinə səbəb olub. Bu barədə bazar ertəsi Bakıda Norveçin StatoilHydro Azerbaijan şirkətinin rəsmi nümayəndəsi mətbuat konfransında bildirib.

"Şahdəniz" yatağının işlənilməsi üzrə konsorsiumun nümayəndələri daha öncə "Mərhələ-2"-nin başlanmasını 2011-ci il üçün nəzərdə tutmuşdular.

"Biz [SDX-4] quyusundan 2006-cı ilin dekabrında nəticə gözləyirdik",-deyə StatoilHydro nümayəndəsi bildirib.

"Şahdəniz" yatağındakı SDX-4 quyusunun son sınaq işlərinin oktyabr ayının sonunda başa çatması gözlənilir. Layihənin iştirakçısı olan ARDNŞ-in məlumatına əsasən, quyu yataqdakı qaz ehtiyatlarını 20 faiz, 1,2 trln. kubmetrə qədər artırmağa imkan verib.

"Mərhələ-2" çərçivəsində illik 20-21 mlrd. kubmetr həcmində qaz hasilatı gözlənilir. Hasilatın ən yüksək həddi 2015-ci ildə olacaq. StatoilHydro məlumatlarına əsasən, "Mərhələ-2"nin həyata keçirilməsi 10 mlrd. dollara başa gələ bilər.

"Biz artıq indidən diqqətimizi ona yönəltməliyik ki, 2013-cü ilə qazın alqı-satqısı və nəqli ilə bağlı müqavilələrimiz olmalıdır",-deyə StatoilHydro nümayəndəsi bildirib.

"Şahdəniz" layihəsi üzrə tərəfdaşlar "Mərhələ-2" çərçivəsində yataqdan Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya və başqa ölkələrə qaz satmağı planlaşdırır.

Azərbaycan qazının Avropaya mümkün nəqli ilə bağlı StatoilHydro nümayəndəsi bildirib ki, "Nabukko" yanacağın ixrac variantlarından yalnız biridir.

"Türkiyə-Yunanıstan-Albaniya-İtaliya qaz kəməri də daxil olmaqla, digər layihələr də vardır",-deyə şirkət nümayəndəsi bildirib.

Hazırda "Mərhələ-1" üzrə tərəfdaşlar yataqdan Azərbaycan, Gürcüstan və Türkiyəyə qaz satırlar. Bu il Türkiyəyə 1,5 mlrd. kubmetr, Gürcüstana 0,3 mlrd. kubmetr qaz satılması planlaşdırılır.

2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrd. kubmetr həcmində qaz çıxarılması planlaşdırılır. 2008-ci ildə isə, yataqdan qaz hasilatının 7 mlrd. kubmetr olması planlaşdırılır.

"Mərhələ-1" çərçivəsində ən yüksək hasilat 2009-cu ildə 8.9 mlrd. kubmetr həcmində planlaşdırılıb.

"Şahdəniz" yatağının işlənilməsi barədə saziş 1996-cı il iyunun 4-də imzalanıb. Saziş iştirakçıları: BP (operator) -25,5 %, Statoil (kommersiya operatoru) - 25,5 %, NICO - 10 %, Total - 10 %, LukAgip - 10 %, TPAO- 9 %, QNKAR - 10 %.

Xəbər lenti

Xəbər lenti