Qazaxıstan, Astana / Trend , müxbir K.Konırova/ Transxəzər layihəsinin reallaşması qaz ehtiyatlarında böyük dəqiqliyin olmasını tələb edir, bu barədə çərşənbə günü Almatıda Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev bildirib.
Transxəzər qaz kəməri Xəzərin dibi ilə Azərbaycan ərazisindən keçməklə, Qazaxıstan və Türkmənistan qazını Avropa bazarlarına ixrac etməyə imkan verəcək. Kəmərin gücü il ərzində 20 mlrd. kubmetr qaz təşkil edəcək. Tikintinin dəyəri 10 mlrd. dollardan çox ola bilər.
"Biz bu layihənin həyata keçirilməsində maraqlıyıq, lakin demək olmaz ki, bu bizim gündəliyimizə daxildir" - deyə nazir bildirib.
Onun sözlərinə görə, Transxəzər qaz kəməri layihəsini konkret və ciddi şəkildə nəzərdən keçirmək üçün əsas paramertlərin olması vacibdir.
"Ciddi resurs bazası olmalıdır. Türkmənistan Rusiya ilə Xəzəryanı kəmər vasitəsilə 70 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Qazaxıstanın çatdıracağı qazın həcmi Xəzərin şelfinin mənimsənilməsindən asılıdır", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Transxəzər qaz kəmərinin tikintisi təsdiq olunan qaz ehtiyatlarının komerrsiya şərtlərinin münasibliyindən asılıdır.