...

Ekspert: " Sammit Xəzərin statusu üzrə Azərbaycan, Türkmənistan və İranın mövqelərini yaxınlaşdırmadı"

Energetika Materials 19 Oktyabr 2007 18:06 (UTC +04:00)
Ekspert: " Sammit Xəzərin statusu üzrə Azərbaycan, Türkmənistan və İranın mövqelərini yaxınlaşdırmadı"

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Ekspertlər Xəzəryanı dövlətlərin sammitinin yekunu üzrə Azərbaycan, Türkmənistan və İran arasında Xəzərin statusunun müəyyən olunması məsələsində hiss olunacaq dərəcədə irəliləyiş görmürlər.

Neft-qaz sahəsi üzrə Alfa Bankın analitiki Konstantin Batunin hesab edir ki, İran sammitindən sonra Xəzərin statusunun müəyyən olunmasında irəliləyiş yoxdur.

"Xəzəryanı dövlətlər öz mövqelərini müdafiə etməyi davam etdirirlər. Bir qrup dövlət Xəzərin dibinin orta xətt üzrə bölünməsini, digər tərəf isə, ümumi istifadədə təkid edir. Onlar əvvəlki mövqelərini saxlamaqda davam edirlər" - deyə Batunin bildirib.

Oktyabrın 16-da Xəzərin statusunun müəyyən edilməsi məsələsi üzrə beş Xəzəryanı dövlətin sammiti keçirilib. Azərbaycan, Rusiya və Qazaxıstan artıq öz milli sektorlarının ayrılmasına dair razılığa gəliblər. Azərbaycanın tərəddüdlü məsələsi İran və Türkmənistanla qalıb.

Batuninin sözlərinə görə, bu sammitin iştirakçı dövlətləri arasında yeganə pozitiv nəticə müntəzəm olaraq görüşlərin keçirilməsinə dair razılığın əldə olunmasıdır.

"Bu, Xəzər dənizinin statusunun həlli məsələsinin gec-tez ölü nöqtədən tərpənəcəyinə ümid verir" - deyə analitik bildirib.

Baş tutan sammit nəticəsində Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan və Rusiya prezidentləri tərəfindən Bəyannamə imzalanıb. Bu, Xəzərin hüquqi statusuna dair Xəzəryanı dövlətlər tərəfindən imzalanan birinci rəsmi sənəddir. Hər altı aydan bir xarici işlər nazirləri, hər il i prezidentlər səviyyəsində görüşlərin keçirilməsinə dair razılıq əldə olunub.

Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyevin sözlərinə görə, bu gün üçün Xəzərin hüquqi statusunun müəyyən olunması problemi həll edilən deyil. O ki qaldı mübahisəli neft yataqlarına, o zaman Azərbaycan və Türkmənistan qarşılıqlı güzəştə yaxınlaşırlar.

"Qarşılıqlı güzəştlərin mümkünlüyü Türkmənistan hakimiyyətinin dəyişməsindən sonra meydana gəlib.bu gün İranla hər hansı bir qarşılıqlı güzəşt əldə etmək olmaz" - deyə Mürsəliyev bildirib.

Xəzərin orta xəttində Azərbaycanla Türkmənistan arasında "Kəpəz" yatağı mövcuddur (Türkmən adı - "Sərdar"). Xəzərin status məsələsinnin həll olunmaması hər iki ölkəyə bu ərazidə müstəqil fəaliyyət göstərmək imkanı vermir. Azərbaycanın Sənaye və Energetika Nazirliyinni məlumatına görə, "Kəpəz"in hasilat ehtiyyatları 50 mln ton neft təşkil edir. "Kəpəz" yatağının işlənməsinə Amerikanın Chevron, Almaniyanın Wintershall şirkətləri maraq göstərir.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında Aşqabadda baş tutub. Burada ikinci sammitin 2003-cü ildə Tehranda keçirilmsi barədə qərar qəbul olunub. Lakin o vaxtdan, tədbirin keçirilməsi hər il təxirə salınırdı. Xəzəryanı dövlətlərin üçüncü sammiti gələn il Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti