...

Gürcüstan Azərbaycandan əlavə elektrik enerjisi istəyib

Energetika Materials 7 Dekabr 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Gürcüstanın Elektrik Enerjisi İdarəsinin xahişi ilə, "Azərenerji" ASC bu gündən Gürcüstan elektrik stansiyalarına paralel rejimdə elektrik enerjisi tədarükünə başlayır. Bu barədə cümə günü "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Buna səbəb Rusiyanın 500 kV. gücündə olan "Kavkasioni" elektrik ötürücü xəttinin təmirə dayandırılması olub. Əsgərovun sözlərinə görə, Gürcüstan hələ ki, iki günlük (8-9 noyabr) elektrik enerjisi çatışmazlağının təmin edilməsi üçün ərizə təqdim edib.

"Biz Gürcüstana yardım etməyə hazırıq, lakin tədarük həcmi hələ dəqiqləşdirilir, belə ki, bu Azərbaycanın imkanlarından asılı olacaq" - deyə vitse-prezident bildirib.

2006-cı ildən "Azərenerji" və Gürcüstanın elektroenergetika sisteminin kommersiya operatoru arasında Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında elektrik enerijisi mübadiləsinə dair müqavilə mövcuddur.

"Azərenerji" və "Gürcüstan dövlət elektrik sistemi" MMC arasında olan razılaşmaya müvafiq olaraq, 2007-ci ilin sonuna qədər "Kavkasioni" (500 kV), "Dərbənd" (330 kV) və "Qardabani" (330 kV) xətləri üzrə dairə qapanmasının reallaşdırılması üçün bütün texniki tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulub.

Ölkələr arasında enerji axını imkanlarının gələcəkdə genişləndirilməsi üçün sentyabrın 27-də Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan DRES ilə Gürcüstanın 500 kV. gərginlikli "Qardabani 500" yarımstansiyası arasında "Muxranis-Veli" elektrik ötürücü xəttinin bərpa edilməsi üçün qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti