...

"LUKOYL" Azərbaycanda "Yalama" dəniz strukturunda qazma işləri zamanı ətraf mühitə təsirin qiymətləndirməsini başa çatdırıb

Energetika Materials 9 Aprel 2008 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ Trend /LUKOYL Overseas" Xəzər dənizinin Azərbaycan sektorunda D-222 (Yalama) perspektivli blokda ikinci axtarış-kəşfiyyat quyusunun qazılması zamanı ətraf mühitə təsirin qiymətləndirməsini başa çatdırıb. Bu barədə şirkətin məlumatında deyilir.

Yanvarda dəniz ekspedisiyası "Əlif Hacıyev" elmi-tədqiqat gəmisində müqavilə sahəsində ətraf mühitin başlanğıc vəziyyətini öyrənib, sonra isə həm ştat qazma rejimi (müasir "Heydər Əliyev" güclü qazma qurğusundan istifadə ediləcək), həm də mümkün qəza hallarında ətraf mühitə təsirin modelləşdirilməsi həyata keçirilib, işlərin aparılacağı rayonun infraqırmızı kosmik çəkilişlərinin şifrləri açılıb, təbiətə vurulan risk və zərərin qiymətləndirilməsi üzrə hesablamalar aparılıb.

Qiymətləndirmənin əsas məsələsi balıq ehtiyatlarına vurulan zərərin miqdarının müəyyən edilməsi olub. Dəniz qazması texnologiyasının spesifik olması və quyunun yerləşməsi nöqtəsində (təqribən 700 m) suyun dərinliyini nəzərə alaraq, zərər minimal olacaq və yalnız balıqçılıq təsərrüfatından yem orqanizmlərinin - plankton və bentosların dövriyyədən çıxarılması ilə məhdudlaşacaq.

Ətraf mühitə mənfi təsirin yumşaldılması məqsədilə, qazma rayonunda daimi olaraq qəza-xilasetmə gəmisi növbə çəkəcək. Bundan əlavə, ekoloji monitorinq sisteminin reallaşdırılması, neftin qəza axmalarının ləvği planlarının hazırlanması, quyu sütununa dalğıclar tərəfindən dövri olaraq baxış və texniki vəziyyətinin yoxlanılması, hava şəraiti pisləşən zaman texnoloji əməliyyatların icra edilməsinə məhdudiyyətin tətbiq edilməsi və bəzi digər tədbirlər nəzərdə tutulub. Bütün işlər Azərbaycan Respublikasının "Ətraf mühitin qorunması haqqında" Qanununa ciddi şəkildə riayət edilməklə aparılacaq.

Kəşfiyyat layihəsinin, quyunun işlənməsinin və perspektivli blokun məhsulunun bölünməsinin operatoru Overseas Operating Company Ltd.-nin həyata keçiriəcəyi qazma işlərinə noyabrda, Danimarkanın Maersk şirkətinə məxsus Heydər Əliyev adına qazma qurğusundan başlamaq planlaşdırılır.

İkinci kəşfiyyat quyusunun dərinliyi 2650 m təşkil edir. O, birinci kəşfiyyat quyusundan 22 km məsafədə qazılacaq. 2007-ci ilin noyabrında ikinci quyunun nəzərdə tutulan qazma nöqtəsində 656- 720 m dərinlikdə mühəndis-geoloji axtarış işləri aparılıb.

LUKOYL 2005-ci ildə "Yalama" -da 4400 m dərinlikdə ilk quyu qazıb. Quyunun layihə dərinliyi 4500 metrdir. Qazma işlərinin gedişində şirkət üçün kommersiya marağı kəsb etməyən kiçik həcmdə karbohidrogen ehtiyatı aşkar edilib.

Heydər Əliyev adına qazma qurğusu, suyun qalınlığı 1000 m olmaqla, 9 metrədək dərinlikdə quyuların qazılması üçün nəzərdə tutulur. Xəzərin maksimal dərinliyi 1025 m təşkil edir və bu o deməkdir ki, qurğu onun, demək olar ki, bütün akvatoriyasında işləyə bilər.

"Yalama" strukturunun işlənməsinə dair müqavilə 1997-ci il iyulun 3-də imzalanıb. D-222 bloku sahildən 30 km məsafədə, 80 metrdən 700 metrədək dərinlikdə, bərabər hissələrlə Xəzər dənizinin Azərbaycan və Rusiya sektorlarında yerləşir.

2003-cü ildə D-222 blokunda kəşfiyyat və blokun işlənməsinin əlavə şərtləri haqqında müqavilə paketi imzalanıb. Müqavilə paketi "LUKOYL" şirkətinin layihədəki payının 80 faizədək artırılması və müqavilə sahəsinin ərazisini 3 min. kv. km-dək artırmağı nəzərdə tutub. 2006-cı ildə müqavilə sahəsi 1,3 min kv. km-dək ixtisar edilib, kəşfiyyat dövrü isə, 2009-cu il noyabrın 1-dək artırılıb.

Xəbər lenti

Xəbər lenti