...

LUKOYL "McDermott"a yeni layihə işi həvalə edib

Energetika Materials 16 Aprel 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı,16 aprel / Trend / LUKOYL Açıq Səhmdar Cəmiyyətinin filialı olan "Lukoyl-Nijnevoljskneft" MMC (LUKOYL) şirkəti "C.Rey MakDermott, S.A." şirkətinin Xəzərdə fəaliyyət göstərən filialı olan "MakDermott Kaspyan Kontraktorz, Ynk." (MakDermott) şirkətinə Yuri Korçagin yatağı üçün dəniz obyektlərinin quraşdırılması ilə bağlı podrat işini həvalə edib. Həmin yataq Xəzər dənizinin Rusiya bölməsində Həştərxan şəhərindən 180 km aralıda yerləşir. Dəniz quraşdırma işlərinin başlanması 2009-cu ilin may ayına planlaşdırılıb.

Şirkətin Xəzər əməliyyatları üzrə vitse-prezidenti və baş meneceri Den Hauzer bu barədə belə deyir:"Bu podrat işi Xəzər dənizinin Rusiya hissəsində yerinə yetiriləcək dəniz tikinti və quraşdırma işləri üzrə LUKOYL tərəfindən bizə həvalə edilən ikinci layihə işidir. LUKOYL şirkətinin Yuri Korçagin layihəsi üçün məhz bizi seçməsi bizdə yüksək məmnunluq hissi doğurub və bu fürsətdən istifadə edərək Rusiyanın vüsətlə inkişaf edən dəniz tikinti-quraşdırma bazarında öz mövqelərimizi möhkəmləndirmək arzusundayıq".

"MakDermott"un iş həcmi buza davamlı stasionar LSP-1 platforması üçün payaların nəqlini və quraşdırılmasını, o cümlədən Təknöqtəli Yanalma (TY) sisteminin dayaq özülünün, payaların və üst tikililərin nəqlini və quraşdırılmasını nəzərdə tutur. "MakDermott"un dəniz əməliyyatları qrupu, həmçinin Üzən Saxlama və Boşaltma gəmisinin nəqlini və onun TY systeminə birləşməsini və sınağını həyata keçirəcək.

Əlavə işlər layihələndirmə, maddi-texniki təchizat, hazırlama, boru birləşmə seksiyalarının nəqli və onların sualtı boru kəmərinin LSP-1 platformasına və TY sisteminə gedən uclarında quraşdırılmasını əhatə edir. LUKOYL şirkəti ilə bağlanmış ayrıca müqaviləyə əsasən, "MakDermott" gələn ilin aprel ayından başlayaraq həmin boru kəmərinin çəkilişini qabaqcadan həyata keçirəcək.

"MakDermott" bu layihənin icrasını Rusiyada yerləşən əməliyyat qrupunun vasitəsilə və Azərbaycanda - Bakıda və Birləşmiş Ərəb Əmirliklərində - Cəbəl Əlidə yerləşən regional ofislərin köməyi ilə həyata keçirəcək, bu işlərə Rusiya təchizatçıları, tədarükçüləri və subpodratçılarını maksimum dərəcədə cəlb edəcək.

Xəbər lenti

Xəbər lenti