...

"Nabukko" ilə İran qazının ixracı Avropa istehlakçılarından asılı olacaq – "Nabucco Gas Pipeline Company" şirkətinin idarəçi direktoru

Energetika Materials 23 Aprel 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir A.Bədəlova/ "Nabucco Gas Pipeline Company" şirkəti"Nabukko" boru kəməri vasitəsilə Azərbaycan, Türkmənistan və Qazaxıstandan Avropaya qaz nəqlində maraqlıdır. Bu barədə "Nabucco Gas Pipeline Company" şirkətinin idarəçi direktoru Reynhard Mitşek çərşənbə günü Bakıda Trend -a bildirib.

Onun sözlərinə görə, "Nabukko" boru kəməri ilə ilk qaz tədarükü 2013-cü ildə başlayacaq və bu mərhələdə qazın həcmi ildə təqribən 8-10 mlrd. kubmetr təşkil edəcək. "Nabukko" boru kəmərinin maksimal buraxma gücü 31 mlrd. kubmetr təşkil edəcək.

Mitşek İran qazının Avropa üçün əhəmiyyətini qeyd edib. "İran qazı da region üçün çox vacibdir. "Nabucco Gas Pipeline Company" nəqliyyat üzrə imkanlar təklif edir. Qazı isə Avropa istehlakçıları alacaqlar. Onlar İran qazını almaq qərarına gəldikləri halda, "Nabucco Gas Pipeline Company" bu qazı nəql etməyə başlayacaq", - Mitşek bildirib.

Uzunluğu 3,300 km olan "Nabukko" boru kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz nəql ediləcək. Mərkəzi Asiyadan "Nabukko"dək qaz Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan Transxəzər qaz kəməri ilə çatdırıla bilər. Transxəzər qaz kəməri Qazaxıstan və ya Türkmənistanın Xəzər sahillərindən qaz ehtiyatının 6 trln. kubmetr olması güman edilən Azərbaycanadək çəkilə bilər. Mərkəzi Asiya qazı Azərbaycandan "Nabukko"dək hazırda fəaliyyət göstərən Cənubi Qafqaz qaz kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti