...

Dünya Bankı Azərbaycanda ekoloji layihə üzrə danışıqlara başlayıb

Energetika Materials 28 Aprel 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir İ.Xəlilova/ Bu gün Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında Abşeron yarımadasının ekloji təmizlənməsinə dair 349,5 mln. dollar dəyərində uzunmüddətli proqramın ilkin mərhələsi üzrə rəsmi danışıqlar başlanıb. Bu barədə bazar ertəsi bankın Bakı nümayəndəliyindən məlumat verilib.

Danışıqları aparmaq üçün Ani Dasquptun rəhbərlik etdiyi bankın nümayəndə heyəti ölkədə səfərdədir.

Layihənin böyük həcmdə olması səbəbindən danışıqlar prosesi ilkin olaraq bu həftə üçün nəzərdə tutulub.

DB layihənin gerçəkləşdirilməsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri ilə 4 ili güzəştli dövr olmaqla 17 illik müddətinə və libor+0,05 faiz dərəcəsilə 166,5 mln. dollar vəsait təqdim etməyə hazırdır.

Layihə üç müstəqil komponentə ayrılıb və müxtəlif dövlət orqanları - Dövlət Neft Şirkəti, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirliklərini əhatə edir.

Birinci komponent üzrə ARDNŞ üçün sabit sərmayələr hesabına qruntun təmizlənməsi üçün avadanlığın əldə edilməsi nəzərdə tutulur. Bundan əlavə, Dövlət Neft Şirkətinin ekoloji təcrübəsinin təkmilləşdirilməsi üçün texniki yardım, o cümlədən bu sahədə strategiya və siyasətin hazırlanması və onların əməliyyat işində tətbiqi nəzərdə tutulub. Bu komponent aşağıdakı şəkildə maliyyələşdiriləcək: BYİB tərəfindən $61 mln. avadanlığın alınmasına ayrılacaq, $124 mln. ARDNŞ tərəfindən avadanlığın istismarı, amortizasiya xərcləri, işçi qüvvəsinin əmək haqqının ödənilməsi üzrə xərclərə ayrılacaq.

İkinci komponent üzrə Ramanı və Suraxanıdakı keçmiş yod istehsalı zavodlarının ərazisindəki radioaktiv kömürün təmizlənməsi üçün FHN-ə yardım göstəriləcək. Sovetlər dönəmində bu müəssisələr kömür dənəciklərinin köməyi ilə neft quyularından əldə edilmiş qrunt sularının filtrasiyası yolu ilə yod istehsal edirdilər. Hazırda bu dənəciklər toplanıb və filtrlərdə radioaktiv su (onun tərkibində radon var) yaranıb. Ərazinin təhlükəsizliyini təmin etmək üçün DB onun utilizasiyası məqsədilə vəsait ayıracaq. FHN-ə yardımın ikinci istiqaməti hava limanı yaxınlığında 1 min hektar ərazinin neftlə çirklənmiş torpaq qatlarının təmizlənməsini nəzərdə tutur. Bu tədbirlərin reallaşdırılması üçün BYİB xətti ilə $74 mln., hökumət tərəfindən isə $25 mln. ayrılacağı güman edilir.

Üçüncü komponent üzrə İqtisadi İnkişaf Nazirliyi xətti üzrə məişət tullantılarının idarə edilməsi sisteminin, Ekologiya Nazirliyi xətti üzrə isə ekoloji normalar, standartlar, həmçinin sertifikatlaşdırmanın təkmilləşdirilməsi nəzərdə tutulub. Bank onların hazırlanması üçün $31,5 mln. ayırmağa hazırdır. Azərabaycanın payı isə $34 mln. təşkil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti