...

SOCAR Azərbaycanda qaz hasilatının artırılması üzrə planlarını açıqlayıb

Energetika Materials 9 Mart 2009 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir E.İsmayılov /

SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geologiya, geofizika və işlənmə üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə hesab edir ki, Azərbaycanın "Şahdəniz" yatağının təsdiq edilmiş qaz ehtiyatları artan dünya tələbatının ödənilməsi üçün azdır.

"Hazırda qaz populyardır. Təkcə "Şahdəniz" ilə biz qaza artan tələbatı təmin edə bilmərik. Buna görə biz hasilatı artırmaq üçün yeni qaz yataqları istismara verməliyik", - deyə Yusifzadə bildirib.

Yusifzadə bildirib ki, Azərbaycanda qaz hasilatını artırmaq üçün perspektivli "Ümid" və "Abşeron" strukturlarında qaz ehtiyatlarının aşkarlanması üzrə işlər aparılmalıdır.

Onun sözlərinə görə, aprel-may aylarında perspektivli "Ümid" dəniz strukturunda kəşfiyyat xarakterli qazmalara başlanılması planlaşdırılır. Hazırda strukturda ikibloklu "Ümid-1" platformasının tikintisi üzrə işlər aparılır. Onun tikintisinin başa çatdırılmasından sonra kəşfiyyat mahiyyətli quyuların qazmasına başlamaq nəzərdə tutlub.

"Biz bu il quyu qazımalarını başa çatdırmaq üçün bütün gücümüzü "Ümid" strukturuna yönəltmək istəyirik", - deyə Yusifzadə bildirib.

"Ümid" dəniz strukturunda çıxarılması ehtimal olunan ümumi qaz ehtiyatları SOCAR-ın geoloqlarının qiymətləndirməsinə görə, 200-300 mlrd. kubmetr təşkil edir. 

"Ümid- 1" dəniz platformasının istismarı SOCAR-a şəxsi vəsaitlər hesabına işlənən yataqlarda qaz hasilatının artırılması üzrə proqramın reallaşdırılması çərçivəsində lazımdır. Tikilməkdə olan "Çıraq-6" platformasının bazasında inşa edilən "Ümid-1" platforması proqram çərçivəsində ən iri obyektdir. Onun hündürlüyü 72 metr təşkil edir. Platforma suyun 58 metr dərinliyində "Bulla dəniz" dəniz yatağından 15 km. aralıda yerləşəcək. SOCAR-dan əvvəllər verilən məlumata görə, platformadan altı qaz quyusunun qazılması planlaşdırılır. Strukturda ilk kəşfiyyat quyusunun layihə dərinliyi 6500 metr təşkil edir.

Yusifzadə bildirib ki, ehtimallara görə, 2009-cu ildə "Xərə Zirə" yatağında da quyuların qazılması üzrə işlərə başlanılacaq.

Fevral ayında Fransanın Total və Azərbaycanın SOCAR şirkətləri arasında "Abşeron" dəniz qaz blokunun işlənməsi üzrə PSA tipli müqavilə imzalanıb. Blok Bakıdan 100 km aralıda suyun 500 metr dərinliyində yerləşir. İlk kəşfiyyat quyusunun qazılma nöqtəsi artıq müəyyənləşib.

Yusifzadənin bildirdiyinə görə, "Abşeron" blokunda işlərə artıq bu il başlanacaq.

"Qaz hasilatını artırmaq üçün  "Abşeron" və "Ümid" strukturlarında iş aparmaq lazımdır. Biz "Ümid" yatağında ayrıca, "Abşeron" yatağında isə xarici şirkətlər ilə birgə işləyəcəyik", - deyə birinci vitse-prezident bildirib.

Üç il ərzində "Abşeron" blokunda dəyəri 100 mln. dollar olan bir kəşfiyyat quyusu qazılacaq. Sonrakı daha üç il ərzində isə ola bilsin ki, iki kəşfiyyat quyusu qazılsın.

Müqaviləyə görə, layihədə SOCAR 40 faiz, Total isə 60 faiz iştirak payı əldə edib. Kəşfiyyat dövründə SOCAR-ın payını Total maliyyələşdirəcək. Gələcəkdə Total-ın bu layihədə iştirak payının bir hissəsi digər fransız şirkəti Gaz de France SUEZ-ə satıla bilr.

Yusifzadə bildirib ki, SOCAR şirkətinin 2015-ci ilədək perspektivli planı çərçivəsində 2010-cu ildə qaz hasilatı həcminin artırılması üçün ola bilsin ki, perspektivli dəniz qaz strukturu "Babək"də kəşfiyyat işlərinə başlanıla bilər.

"O da böyük qaz ehtiyatlarına malik perspektivli strukturdur. Burada kəşfiyyat işləri gələn il başlana bilər. Biz bu il "Ümid"dən nəsə əldə etsək, o zaman "Babək" strukturunda kəşfiyyat işləri 2010-cu ildə başlanacaq", - deyə Yusifzadə vurğulayıb.

SOCAR-ın birinci vitse-prezidentinin sözlərinə görə, perspektivli proqram çərçivəsində "Naxçıvan" və "Zəfər-Marşal" strukturlarında da kəşfiyyat işlərinin aparılması gözlənilir.

"Maddi imkanlar olacağı təqdirdə, 2015-ci ilədək nəzərdə tutulan perspektivli proqram çərçivəsində bu strukturlarda da işlər aparılacaq", - deyə Yusifzadə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti