...

MTQ bazarında liderlik yarışı

Energetika Materials 9 Mart 2009 12:47 (UTC +04:00)
MTQ bazarında liderlik yarışı

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir А.Bədəlova / İranın nüvə proqramı ilə bağlı siyasi problemlər, ölkənin neft-qaz layihələrinin inkişafı və onun maye təbii qazı (MTQ) üzrə ən böyük ixracatçısına çevrilməsi yolunda böyük maneə olaraq qalmaqda davam edir.

İran MTQ istehsalı üzrə liderə çevrilmək üçün potensial imkanlara malikdir, ancaq bu gun ölkənin maye "mavi yanacaq" ticarətinə qoşulmaq cəhdləri uğursuzluqla nəticələnir. ABŞ-ın sanksiyaları İranı MTQ istehsalı üçün çox vacib müasir qərb şirkətlərinin texnologiyalarından yararlanmaq imkanlarından məhrum edir. Üstəlik, ölkənin mütəmadi olaraq böyük yataqların işlənməsində Qərbin rolunu istisna etsə də, İran xarici sərmayələr olmadan heç bir uğur qazana bilməyəcək.

Siyasi risklərə baxmayaraq, Avropa şirkətləri ölkədəki belə zəngin qaz ehtiyatlarına etinasız yanaşmayaraq dəfələrlə regionun sərmayə üçün prioritet olduğunu bildiriblər.

"Total" fransız neft şirkəti hazırda ölkədə maye təbii qazın istehsalı üzrə Pars LNG İran layihəsi ilə bağlı danışıqları davam etdirir. Ancaq şirkət müqavilə bağlamağa tələsmir. Ölkənin ətrafındakı problemlərdən əlavə, Total hesab edir ki, bu layihə bu gün üçün sərmayə qoymağa tələsmək üçün yetərincə inkişaf etməyib.

"Hətta beynəlxalq problemlərin olmaması halında belə, bu layihə ona bu il sərmayə qoymaq üçün inkişaf etməyib", - "Total" şirkətinin rəsmi nümayəndəsi Kevin Kerç bildirib.

Pars LNG layihəsi dünyanın ən böyük Cənubi Pars qaz yatağındakı hasilatın 11-ci mərhələsində maye qaz üçün güc yaradılmasını nəzərdə tutur. Əvvəlcədən Pars LNG layihəsinin 2006-cı ilin başlanğıcında fəaliyyətə başlaması gözlənilirdi. Layihənin qiyməti 2 milyard dollar, gözlənilən güc ildə 9,6 milyon ton maye qazdır. Hazırda "Total" şirkəti həmçinin İranla "Cənubi Pars"ın işlənməsi layihəsi üzrə də danışıqlar aparır.

Pars LNG layihəsi çərçivəsində Pars yatağında maye təbii qazının istehsalı üzrə terminalın yaradılması nəzərdə tutulur. Total SA-nın kəşfiyyat və hasilat üzrə prezidenti İv-Lui Darrikarrerin bildirdiyinə görə, terminalın yaradılması layihəsinin realizəsi üzrə danışıqların davam etməsinə baxmayaraq, sərmayə qərarının qəbul edilməsinə hələ var. Onun sözlərinə görə, danışıqların gedişinə mane olan siyasi çətinliklərdən başqa, MTQ-terminalın tikintisi üzrə müqavilənin şərtləri də razılaşdırılmayıb.

MTQ-dən ümumdünya istehlakı son onillik ərzində ildə orta hesabla 6 faiz artır. MTQ üzrə dünya ticarətinin həcmi 2007-ci ildə 241 milyard kubmetrə çatıb. Bundan bir il əvvəl bu rəqəm 211 milyard kubmetr olub. Ekspertlərin proqnozlarına görə, 2015-ci ildə MTQ bazarı iki dəfə artacaq. Ancaq Bloombergin sitat gətirdyi BP LNG-nin sabiq meneceri, sənaye məsləhətçisi Endryu Flauerin sözlərinə görə, 2008-ci ildə maye təbii qazın istehsal artımı nisbətən aşağı olub. Buna səbəb tədarükün azalması, yeni layihələrin olmaması və avadanlıqlarda ortaya çıxan qüsurlar olub.

Onun fikrincə, MTQ istehsalı həcmi 2009-2010-cu illərdə Qətər, Yəmən, İndoneziya və Avstraliyada MTQ hasilatı üzrə yeni layihələrin işə salınması hesabına 25 milyon ton arta bilər. Botaş türk dövlət şirkətinin məlumatına görə, 2008-ci ildə Türkiyəyə Əlcəzairdən 4,4 və Nigeriyadan 1,3 milyard kubmetr ekvivalentində MTQ tədarük olunub. Botaş-ın proqnozlarına görə, 2009-2010-cu illərdə həcm saxlanılacaq.

Hazırda dünyanın ən böyük MTQ istehsalçısı Qətərdir. Amma qaz ehtiyatlarına görə dünyada ikinci yerdə olan İran, öz rəqibini arxada qoya və onun MTQ bazarındakı lider mövqeyini ələ keçirə bilər. İranın bu yöndə uzağa gedən planları var - ölkə 2014-cü ildə hər il 77 milyon ton MTQ istehsal etmək niyyətindədir. Bu isə Qətərin bu gün istehsal etdiyi həcmdən iki dəfə çoxdur. ABŞ Enerji İnformasiyası üzrə Dövlət İdarəsinin (EIA) məruzəsinə əsasən, İranın nail ola biləcəyi zirvə, təxminən 1,462 milyard kubmetr futdur.

Ancaq məqsədlərinə nail olmaq üçün İran siyasi istiqamətə yönələn bir sıra problemlərini həll etməlidir. Çünki xarici sərmayələrsiz İranın bütün cəhd və səyləri nəticəsiz qalır və uğurla nəticələnə bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti