...

ВР Azərbaycanda neft hasilatının artırılması planlarını açıqlayıb

Energetika Materials 19 Mart 2009 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend /

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neft hasilatının artırılmasını nəzərdə tutan Chirag Oil Project (COP) layihəsinin realizəsinə 2013-cü ildə start vermək planlaşdırılır", - ВР-nin, bu yataqların işlənməsi üzrə operator şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatında deyilir.

"Çıraq-1" (yataqların qərbində) və "Dərinsulu Günəşli" platformaları arasında yeni hasilat platformasının qurulmasını nəzərdə tutan COP layihəsinin realizəsi, AÇG blokunda sutkalıq neft hasilatını 100 min barel artırmağa imkan verəcək. Ümumilikdə, COP layihəsinin realizəsi çərçivəsində (AÇG üzrə PSA tipli müqavilənin müddətinin bitməsinə qədər) 300 milyon barel neft hasil etmək planlaşdırılır.

COP çərçivəsində 170 metr dərinlikdə qurulması planlaşdırılan platforma 48 quyu qazılmasına hesablanacaq. Yeni platformanın dizaynı AÇG-nin şərq hissəsində qurulmuş platforma ilə uyğunluq təşkil edəcək.

"Azəri-Çıraq-Günəşli" yataqları özündə iki əsas horizontu - "Fasilə" və "Balaxanı" lay dəstlərini ehtiva edir. İndiyə qədər hasilat demək olar ki, tamamilə "Fasilə" lay dəstindən həyata keçirilirdi. AÇG üzrə müqavilənin imzalanması zamanı, razılaşdırılıb ki, konsorsium əvvəlcə neft hasilatını "Fasilə" lay dəstindən başlayacaq, sonra isə "Balaxanı"ya keçəcək", - AÇG-nin ehtiyatlarının qiymətləndirilməsi üzrə baş menecer Toni Vud deyib, BP-nin məlumatında qeyd edilir.

Onun sözlərinə görə, COP layihəsinin ümumilikdə əsas prioriteti "Fasilə" və "Balaxanı" lay dəstlərində daha çox quyu qazma hesabına neft hasilatının artırılmasıdır. COP çərçivəsində tikiləcək yeni platforma "Dərinsulu Günəşli" və "Çıraq-1" platformaları ilə əhatə edilə bilməyən "Çıraq" yatağının ərazisində neft hasil etmək imkanı verəcək", - Vud bildirib.

COP layihəsində mövcud infrastrukturdan istifadə olunacaq. Onların içərisində BP-nin Səngəçaldakı terminalına aparan 30 düymlük neft kəməri və 28 düymlük qaz kəməri, eləcə də bu terminalda emal üçün bəzi avadanlıqlar var.

"Yeni avadanlıq qurmağa ehtiyac olsaydı, layihənin qiyməti xeyli artardı", - Vud vurğulayıb.

Onun sözlərinə görə, COP layihəsindəki platformanın dirək bloku və yuxarı tikililərin tikintisinə Bakı yaxınlığında 2010-cu ildə başlamaq planlaşdırılır.

AÇG üzrə böyük obyektlərin tikintisi üzrə direktor Kerol Kerni deyib ki, COP layihəsi üçün Səngəçal terminalında əlavə işlərə ehtiyac duyulmayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti