...

Böhran SOCAR-ın Azərbaycanda reallaşdırdığı ekoloji layihələrə təsir göstərmir - vitse-prezident

Energetika Materials 6 Aprel 2009 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir E.İsmayılov /

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) antiböhran proqramı çərçivəsində əlavə xərclərin azaldılması məqsədi ilə xüsusi proqramların reallaşdırılması şirkətin ekoloji proqramlarının azaldılmamasına imkan yaradır. Bu barədə SOCAR-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayev bildirib.

SOCAR-ın antiböhran proqramı dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar bu il 26 fevral tarixində şirkət prezidenti tərəfindən təsdiq edilib.

"Hazırda əlavə xərclərin azaldılması məqsədi ilə müvafiq proqramlar hazırlanır. Mən hesab edirəm ki, biz bu proqramları asanlıqla reallaşdırırıq, bu, ekoloji layihələrdə işlərin azaldılmamasına imkan verir. Və onlar [ekoloji layihələr] davam etdiriləcək", - deyə Babayev bildirib.

Hazırda SOCAR tərəfindən reallaşdırılan ekoloji layihələr təkcə çirklənmiş torpaqların təmizlənməsini deyil, həm də atmosferə, suya və torpağa atılan tullantıların azaldalmasını da özündə birləşdirir. "Bu, məhz üzərində işlədiyimiz əsas istiqamətdir", - Babayev deyib.

Babayev əvvəllər bildirib ki, şirkətin antiböhran proqramı əsasən, qənaətcil iş və israfçılığa yol verməmə, əsas vəsaitlərin maksimum şəkildə istehsala yönəldilməsi, hasilat həcminin saxlanılması və yüksək səviyyədə neft və qaz həcminə yönəldilib. "Antiböhran proqramı həmçinin xərclərin azaldılması, istehsalatda, xüsusilə də materialların istifadə olunmasında qənaəti özündə birləşdirir", - deyə Babayev əlavə edib.

Əvvəllər SOCAR şirkətin antiböhran proqramının reallaşdırılmasına həsr olunmuş müşavirə keçirib.

SOCAR prezidenti Rövnəq Abdullayev müşavirədə bildirmişdi ki, şirkətin antiböhran proqramı çərçivəsində fəaliyyətin əsas sahələrində, xüsusilə də qeyri-istehsal sahələrində xərclərin maksimum azaldılması, idarəetmənin təkmilləşdirilməsi, xərclərin istiqamətlərinin optimallaşdırılmasında struktur dəyişikliklərin aparılması, şirkət və təşkilatlarda işçilərin sayının lazımi tələblərə müvafiq şəklə çatdırılması mühüm tədbirlərdəndir.

Abdullayev bildirib ki, Azərbaycan dünya maliyyə böhranının az təsir etdiyi ölkələrdəndir, lakin qloballaşma, bazar iqtisadiyyatı və SOCAR-ın sıx beynəlxalq əlaqələr şəraitində neft qiymətlərinin üç dəfə düşməsi şirkətin büdcə gəlirləri qrafasında müvafiq azalmaya gətirib çıxarıb.

Azərbaycanda 18-i dənizdə, qalanları isə quruda yerləşməklə 57 neft-qaz yatağı var. SOCAR-ın əməkdaş heyəti 62 min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti