...

İran Azərbaycan neftinin emalı üzrə müqavilə bağlamaq istəyir – NIORDC-nin icraçı direktoru ilə müsahibə

Energetika Materials 28 Aprel 2009 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir T.Cəfərov /

Trend -ın İran milli neft emalı və neft ticarəti şirkətinin (NIORDC) korporativ planlaşdırılması üzrə icraçı direktoru Cəlil Salari ilə müsahibəsi.

- İran Xəzər dənizinin ətrafında neft emalı zavodları tikmək niyyətindədirmi? Tikiləcək neft emalı zavodlarında Azərbaycan neftinin emalı gözlənilirmi?

- İran hazırda yeni neft emalı zavodu tikmədən də Azərbaycan neftinin emal edilməsi iqtidarındadır. İran hazırda Neka-Caskda ən azı 300 min barelə kimi Azərbaycan neftini təhvil ala bilər. Necə ki, Gürcüstanda baş vermiş hadisələr zamanı Azərbaycan neftinin bir hissəsi Neka-Cask vasitəsilə daşınıldı. Bizim fikrimizcə, Azərbaycan neftinin İranla daşınması qısa və az vəsait tələb edən bir yoldur. Biz Nekada Azərbaycan neftini iki cür istifadə edə bilərik. Həm Azərbaycan neftini ala bilərik, həm də ki sivop formasında işlədə bilərik. Azərbaycan xam neftinin Tehran, Təbriz və İsfahan neft emalı zavodlarında emal edilməsi şəraiti mövcuddur. Yəni bu üç neft emalı zavodunda Azərilayt neftinin emalına hərtərəfli şərait mövcuddur.

Bundan başqa İranın şimal hissəsində tikilməkdə olan Kaspian neft emalı zavodunun gələcək potensialında da bu məsələni nəzərə almışıq. İranın şimal hissəsində neft emalı zavodunun gündəlik emalı üçün 200 min barel xam neftə ehtiyacımız var. Bu miqdarda neft İranın mərkəzi hissəsindən və cənubundan boru kəməri vasitəsilə bu zavoda nəql olunur. Təbiidir ki, ən yaxşı yol budur ki, Orta Asiya və qonşu ölkələrin xam nefti həmin zavodda emal olunsun və elə region bazarlarında da istifadə olunsun. Bizim əsas problemimiz odur ki, biz uzunmüddətli neft emalı üçün zəmanət istəyirik. Ona görə ki, neft emalı zavodunun daim xam neft ehtiyatları olmalıdır. Zavodda neftin saxlanılması, nəqli və yüklənilməsi üçün bütün şərait mövcuddur və Azərbaycan neftinin saxlanılması, nəqli, yüklənilməsi və boşaldılması sahəsində yeni sərmayə yatırmağa ehtiyac yoxdur. Biz Azərbaycan xam neftindən istifadə etməyə hazırıq və gələcəkdə də Kaspian neft emalı zavodunun gələcək perspektiv planında bu məsələni nəzərə almışıq. Təkcə Azərbaycan deyil, digər qonşu ölkələrin də neftinin emal edilməsinə hazırıq. Ümid edirik ki, İranın şimalında yerləşən Kaspian neft emalı zavodu ilə Azərbaycanın neft şirkəti arasında uzunmüddətli müqavilə imzalayacağıq. Biz bu sahədə müzakirələr aparmağa hazırıq.

- Hazırda İranın neft emalı potensialı nə qədərdir və bu miqdarın nə qədər artırılmasını planlaşdırırsız?

- Hazırda İranda orta hesabla sutkada 1,6 milyon barel neft emal edilir. Bizim gələcək inkişaf proqramımızda 7 neft emalı zavodunun tikilməsi planlaşdırılır. Həmin neft emalı zavodlarının tikintisi 2014-cü ilədək təkmilləşdirilərsə İranın neft emalı potensialı sutkada 3,3 milyon barelə çatacaq. Necə ki, 7 yeni neft emalı zovodunun tikilməsini planlaşdırırıq. Onlardan biri İranın Şimal regionunda tikilir. Bu zavodun xam neft tələbatı İranın mərkəzindən və cənubundan təmin olunur. İkincisinin İranın şimal-şərqində Təbriz şəhərinin yaxınlığında tikilməsi planlaşdırılır. Bu regionda tikiləcək zavod İranın Azərbaycan bölgəsinin ehtiyaclarını təmin edəcək. Bundan başqa Türkiyə və digər ölkələrə də ixrac imkanı yaranacaq. İranın cənub-şərqində Kirmanşah şəhərində köhnə neft emalı zavodu mövcuddur. Həmin zavod sutkada 23 min barel neft emal edə bilir. Həmin zavodun istifadə müddəti qurtarıb. Ona görə həmin regionda yeni bir neft emalı zavodu tikilir. Daha bir neft emalı zavodu isə İranın Xuzistan əyalətindədir. Həmin zavodda ağır dərəcəli xam neft emal olunur. Həmin zavodun iqtisadi dəyəri çoxdur. Bu zavodun emal etdiyi xam nefti hər hansı bir zavod emal edə bilmir. Bu baxımdan orada yeni texnikalar quraşdırılır. İranın Bəndər Abbas əyalətində də iki yeni neft emalı zavodu tikilməkdədir. Bu zavodların istismara verilməsi ilə İranın neft emalı potensialı sutkada 1 milyon barelə çatacaq. Burada ixrac etmək və məhsulların saxlanılması üçün şərait mövcuddur. Bəndər Abbas zavodundan Pakistan və Asiyanın şərq ölkələrinə məhsulların ixrac edilməsinə şərait yaradılır. Daha bir neft emalı zavodu isə, Şiraz şəhərində olan neft emalı zavodunun yaxınlığında tikiləcək. Yeni zavod ölkədaxili təlabatın təmin olunmasına yardımçı olacaq. Bu yeddi neft emalı zavodunun hamısı yeni qanuna əsasən özəl şirkətlərə veriləcək. Qanuna əsasən bu şirkətlər özəlləşdiriləcək. İranın Milli neft emalı şirkətinin səhmi bu zavodlardan ümumilikdə 20 faiz təşkil edəcək. Digər səhmlər özəl şirkətlərə veriləcək. Özəl şirkətlər də onlara yaranmış şəraitdən istifadə edərək bu sahədə sərmayə yatırmağa maraqlıdırlar.

- İran elan edib ki, mayın 15-dən Xəzər dənizində kəşfiyyat quyularının qazıntısına başlayacaq. Xəzər dənizi regionundan neft hasilatının Fars Körfəzinə nəqli məqsədi ilə yeni boru kəmərinin tikilməsi planlaşdırılırmı? İranın Xəzərdə hasil etdiyi neftin Azərbaycan vasitəsi ilə Avropaya nəqli ehtimal olunurmu?

- Xam neftin müxtəlif tranzit yollarla nəqlində risklər mövcuddur. Xəzərdə hasil olunmuş neftin İranla nəqlində bir sıra üstünlüklər var. Birinci dərəcədə İran tranzit yolu təhlükəsizdir və tranzit xərcləri də azdır. Xam neftin bir neçə ölkədən tranzit olması onun xərclərini artırır. Nəticə olaraq, xam neftin İran daxilində nəql olunması tranzit xərcləri, siyasi məsələlər və bəzi digər riskləri azaldacaq. Bundan başqa maliyyə böhranının yaranması və hazırkı şərait göstərir ki, gələcəkdə enerji məsrəfi daha çox Asiyanın şərqində olacaq. Daha çox inkişaf etməkdə olan ölkələr enerji istifadə edəcəklər.

İranın Neka boru kəməri sutkada 370 min barel neft nəql etmək imkanına malikdir. Biz iki ədəd nasos stansiyası quraşdırmaqla boru kəmərinin nəqletmə potensialını sutkada 500 min barelə çatdıra bilərik. Deməl, hazırda Xəzər dənizindən 500 min barel nəql etmək potensialı mövcuddur. Xam neft İsfahan, Ərak, Təbriz və Tehran neft emalı zavodlarında emal edilə bilər.

Bundan başqa biz araşdırma aparmışıq ki, Neka-Cask boru kəmərinin nəql imkanını iki faza çərçivəsində sutkada 1 milyon barelə çatdıraq. Birinci fazada 500 min barel, ikinci fazada isə 1 milyon barel. Biz bu araşdırmanı ona görə aparmışıq ki, əgər əlavə xam neft olarsa bu boru kəməri vasitəsilə nəql olunsun. Araşdırmalar hazırda icraolunma ərəfəsindədir. Əgər digər qonşu ölkələrdən sərmayəçilər layihəyə investisiya yatırmaq istəyərsə biz hazırıq. Biz bu araşdırmaların nəticələrini sərmayə yatırmaq istəyən şirkətlərə təqdim etmişik və icrasını gözləyirik.

Bizim araşdırmalarımız göstərir ki, Neka-Cask boru kəməri ilə neftin nəqli digər tranzit yollarına nisbətən sərfəlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti