Azərbaycan, Bakı, 27 iyul / Trend /
"ARDNŞ Xəzərdəki "Günəşli" yatağının dayazsulu hissəsində iki yüksəkdebitli quyunun qazılmasını davam etdirir", - şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
"Günəşli-10" platformasındakı quyunun təxmini sutkalıq debiti 40 ton neft və 300 min kubmetr qaz təşkil edir. Quyunun layihə dərinliyi 3500 metr təşkil edir.
Həmçinin ARDNŞ "Günəşli 19" platformasındakı quyunun qazılmasını davam etdirir. Hazırda onun dərinliyi 2884 metrdir. Layihə üzrə dərinlik 3800 metrdir. Quyunun planlaşdırılan sutkalıq debiti 400 min kubmetr qaz təşkil edir.
"Günəşli" (onun dayazsulu hissəsi) ARDNŞ-nin müstəqil işlətdiyi ən böyük neft-qaz yatağıdır. Yataqda şirkətin hasil etdiyi neftin 60, qazın isə 70 faizi çıxarılır. Yataq ARDNŞ-nin "28 may" Neft-qaz hasilatı idarəsinin (NQHİ) balansındadır.
Yeni quyuların qazılması ARDNŞ tərəfindən 2008-2010-cu illərdə təsdiqlənmiş, "Günəşli" yatağının dayazsulu hissəsini işlədən "28 may" NQHİ-nin inkişaf etdirilməsi proqramı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində neft hasilatının sabitləşdirilməsi və təbii qaz hasilatı həcminin artırılması planlaşdırılır.
Ümumilikdə, ARDNŞ öz qaz proqramı çərçivəsində müstəqil işlətdiyi yataqlardan 8 milyard kubmetr qaz əldə etməyi planlaşdırır ki, onun da 7 milyard kubmetri dövlətə veriləcək. Qazın qalan hissəsi yataqların neftvermə səviyyəsinin yüksəldilməsi məqsədi ilə laylara vurulacaq.