...

ARDNŞ "Günəşli" yatağı üçün texnoloji platformanın inşası çərçivəsində işlərin bir hissəsini başa çatdırıb

Energetika Materials 3 Dekabr 2009 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir E.İsmayılov/

2010-cu il yanvarın sonunda Heydər Əliyev adına Dərin Özüllər Zavodu "Günəşli" yatağı üçün texnoloji qaz-lift platformasının bloklarından birinin inşasını başa çatdıracaq. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə deyib.

"Blokun tikinti işləri son mərhələdədir, yanvar ayının sonuna isə işlər tamamilə yekunlaşacaq", - mənbə deyib. Blokun hüdürlüyü 101 metr, çəkisi isə 2100 tondur.

3000 tonluq ikinci blok "Neftqaztikinti" Trestinin Zığdakı tikinti-quraşdırma meydançasında ötən əsrin 90-cı illərində hazırlanmış, lakin istifadə olunmamış "Günəşli-20" platforması əsasında inşa edilir. Blok artıq bütünlüklə restavrasiya olunub, birləşmə hissələri yenidən qaynaq edilib.

Yeni platformanın tikilməsində məqsəd "Günəşli" yatağının neft hasilatının stabilliyini dəstəkləməkdir. ARDNŞ-nin neft və qaz hasilatının əsas həcmi bu yatağın payına düşür. Bu platformanın 2011-ci ildə istismara verilməsi planlaşdırılır.

Platforma "Günəşli" yatağında dənizin 90-92 metr dərinliyində "Günəşli-4" platformasından 50 metr məsafədə qurulacaq. Platformalar öz aralarında piyada körpüsü ilə birləşəcək.

Sosial infrastruktur - yaşayış bloku, yeməkxana, ehtiyat qazma və vertolyot meydançası hər iki platforma üçün ümumi olacaq. Yeni platformanın yuxarı hissəsi sənaye məqsədlərinə xidmət göstərəcək. Burada 8 maşından ibarət qaz-lift kompressor stansiyası tikiləcək. Stansiyanın köməyi ilə qaz 125 atmosfer təzyiqi altında sıxılaraq laylara vurulacaq.

Bu yataqda hasilat əsas etibarı ilə qaz-lift metodu ilə aparılır.

Texnoloji platformanın hidrotexniki dayaq hissələri "Neftqazelmitədqiqatlayihə" İnstitutunda layihələndirilib.

Layihəyə əsasən, blokların dənizə nəql edilməsi və quraşdırılması 2010-cu ilin yanvar-fevral aylarında həyata keçirilməlidir. Tikilinin yuxarı hissəsi - kompressor stansiyası və bütün sənaye infrastrukturu - xaricdə layihələndiriləcək və hazırlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti