...

BP Xəzərin Azərbaycan sektorunda quyunu likvidasiya edib

Energetika Materials 7 Dekabr 2009 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir E.İsmayılov/

Bu ilin sonunadək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının platformasındakı beş quyudan biri likvidasiya edilib. Bu barədə neft-qaz bazarındakı mənbə bazar ertəsi bildirib. Quyunun likvidasiyası texniki vəziyyətin pis olması və ümumiyyətlə, hasilat platformasında işlərin təhlükəsizliyinin təmin edilməsi səbəbindən aparılır.

"Likvidasiya işləri yaydan başlayıb və hazırda işlər davam edir. Likvidasiya prosesi bu ilin sonunadək başa çatacaq", - mənbə deyib.

Mənbənin sözlərinə görə, quyunun likvidasiyası hasilata təsir etməyəcək. "Hasilat hər zaman artırıla bilər", - mənbə əlavə edib.

İlin əvvəlində platformanı riskə atmamaq üçün quyunun likvidasiyası barədə qərar qəbul edilib. "Bu düzgün qərardır", - mənbə qeyd edib.

Hazırda yataqda hasilat 4 quyuda aparılır.

ARDNŞ nümayəndəsinin qeyd etdiyi kimi, "Şahdəniz" yatağında bu ilə proqnazlaşdırılmış hasilat 7,2 milyard kubmetr qaz təşkil edir. Əvvəllər BP şirkəti (layihənin operatoru) 7,7 milyard kubmetr səviyyəsində hasilat proqnozlaşdırmışdı. ARDNŞ nümayəndəsinin sözlərinə görə, ən yüksək hasilat (8,6 - 9 milyard kubmetr qaz) gələn il əldə olunacaq.

Platformanın dayandırılmasına qədər yataqda sutkalıq hasilat 14-15 milyon kubmetr qaz təşkil edib. Qaz Cənubi Qafqaz boru kəməri ilə Türkiyə və Gürcüstana nəql edilib. Yay ərzində Azərbaycan "Şahdəniz" yatağından qaz əldə etməyib.

"Şahdəniz" dəniz yatağının işlənməsi müqaviləsi 4 iyun 1996-cı ildə imzalanıb. Razılaşmanın iştirakçıları: BP (operator) - 25,5 faiz, Statoil hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti