...

ARDNŞ Türkiyədə NEZ-in inşasına başlamağa hazırlaşır

Energetika Materials 11 Dekabr 2009 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend /

2010-cu ildə Türkiyənin Petkim Neft-Kimya Kompleksinin yaxınlığında ARDNŞ-nin yeni Neft Emalı Zavodunun (NEZ) tikintisinə başlanılacaq. Bu barədə cümə günü Neft-Kimya Kompleksindən məlumat verilib.

Yeni zavod Petkim Neft-Kimya Kompleksinin xammala olan tələbatını ödəyəcək. Neft məhsullarının qalan hissəsi isə yerli və Avropa bazarlarında satılacaq.

"Yeni zavodun tikintisinə gələn il başlamaq planlaşdırılır, 2014-cü ildə isə zavod artıq istismara veriləcək", - Petkimdən bildirilib.

Kompleksdən deyilib ki, Türkiyə hökuməti zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair hesabatı təsdiq edib. Hazırda NEZ-in texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması çərçivəsində işlər davam edir. Zavodun inşa edilməsinə icazə alınması istiqamətində işlər görülür.

ARDNŞ-nin Türkiyədəki nümayəndəliyindən onu da təsdiq ediblər ki, ətraf mühitə təsirin qiymətləndirilməsi artıq Türkiyə hökuməti tərəfindən təsdiq edilib. "Ətraf mühitə təsirin qiymətləndirilməsi artıq təsdiq edilib", - cümə günü nümayəndəlikdən deyilib.

ARDNŞ-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri Seymur Ağayev daha əvvəllər deyib ki, bu ilin sonunadək texniki-iqtisadi əsaslandırılmanın hazırlanması prosesinin yekunlaşdırılması planlaşdırılır. Türkiyədə NEZ-in inşası planı çərçivəsində iki istiqamət üzrə işlər aparılır: birincisi, tikintiyə icazənin alınması, ikincisi isə TİƏ-nin hazırlanması. Hazırda marketinq araşdırmaları da aparılır.

Pilot TİƏ-nin hazırlanması üçün zavodun ilkin gücü ildə 10 milyon ton həcmində göstərilib, lakin yəqin ki, müəyyən araşdırmalar aparıldıqdan sonra daha yüksək göstərici səsləndiriləcək", - Ağayev deyib.

ARDNŞ prezidenti daha əvvəllər Kiyevdə keçirilən mətbuat konfransında deyib ki, Türkiyədə tikiləcək NEZ-in planlaşdırılmış gücü ildə 10-15 milyon ton təşkil edəcək.

Bir qədər əvvəl SOCAR/Turcas Petrol/Injaz Projects şirkətlər alyansı Türkiyənin "Petkim" Neft-Kimya Holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkimin inkişafına yatıracaqları sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verir.

"Petkim Petrokimya Holding" plastik qablar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.

Xəbər lenti

Xəbər lenti