...

ARDNŞ quru yatağın modelini hazırlayacaq

Energetika Materials 16 Dekabr 2009 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ gələn ildən etibarən "Qarabağlı" quru yatağının üçölçülü modelini hazırlaya bilər. Bunu ARDNŞ-dəki mənbə deyib. Yataq "Salyan Oil" əməliyyat şirkəti tərəfindən işlənir.

"Ola bilsin ki, gələn ildən etibarən "Qarabağlı" yatağının modelləşdirilməsi, proqnozlaşdırılması və üçölçülü modelinin hazırlanması işlərinə başlanılsın", - mənbə deyib.

Mənbənin sözlərinə görə, gələn ildən işlərin başlayıb-başlamayacağı ilin əvvəlindən məlum olacaq. Hər şey əməliyyat şirkətlərinin imkanlarından və onun büdcəsindən asılıdır.

Bir müddət əvvəl ARDNŞ "Kürsəngi" quru yatağının şimal hissəsinin modelini hazırlayaraq sifarişçiyə təqdim etmişdi. Burada sifarişçi rolunda "Kürsəngi-Qarabağlı" müqavilə ərazisini işləyən "Salyan Oil" şirkəti çıxış edirdi.

Mənbənin əvvəllər bildirdiyi kimi, görülən işlərin əsas məqsədi yeni quyuların yeri barədə tövsiyələrin verilməsidir. Yataqda mövcud olan köhnə quyuların reabilitasiyası üzrə tövsiyələr təqdim olunub. Modelin yaradılması nəticəsində 30-dan çox yeni quyunun qazılması barədə tövsiyələr verilib. Yataqda qalıq ehtiyatların həcmini mənbə açıqlamayıb.

Əvvəlcə ARDNŞ "Kürsəngi" yatağının cənub hissəsinin modelləşdirilməsi üzrə işləri başa çatdırmışdı. Yataqda yeni quyuların təməli haqqında proqnozlar təqdim edilib. Müqavilə sahəsində ümumilikdə 80 quyu qazılıb. Yatağın proqnozlaşdırılan ehtiyat göstəricisi ilə ilkin proqnoz arasında elə də böyük fərq olmayıb. Əvvəlki proqnoz göstəricisi 18 milyon tona bərabər olub.

Yataq Salyan rayonunda yerləşir. ARDNŞ mütəxəssislərinə görə, müqavilə sahəsində qalan neft ehtiyatı 152 milyon ton təşkil edir.

"Kürsəngi-Qarabağlı" quru yatağının işlənməsi üzrə müqavilənin müddəti 25 ildir. Layihə səhmdarları: ARDNŞ - 50 faiz, 25 faizə malik iki Çin şirkəti - China National Oil & Gas Exploration and Development Corp (CNODC) və CNPC (Hong Kong) Ltd. (CNPCHK)

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti