...

Yeni əməliyyat şirkəti Azərbaycandan qaz ixrac edəcək

Energetika Materials 24 Dekabr 2009 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qumdəniz" dəniz yataqlarına daxil olan blokların kəşfiyyatına, reabilitasiyasına, işlənməsi və hasilatına dair PSA tipli müqavilə çərçivəsində Bahar Energy Limited şirkəti yataqlardan hasil edilən qazı həm Azərbaycanın daxili bazarında sata bilər, həm də ixrac edə bilər. Bunu Azərbaycanın neft-qaz bazarındakı mənbə deyib. Müqavilə Bakıda ARDNŞ və Bahar Energy Limited şirkəti arasında dekabrın 21-də imzalanıb.

Mənbənin sölərinə görə, daxili bazarda Bahar Energy tərəfindən qaz satışı ölkədə qazın qiymətlərinin artmasına səbəb olmayacaq.

"Podratçının respublika daxilində satışa və ixraca imkanı olacaq. Detallar növbəti sənədlərdə qeyd ediləcək", - mənbə deyib.

Hazırda müqavilə çərçivəsində investisiya proqramı hazırlanır. İlkin hesablamalara görə, Bahar Energy Limited şirkətinin müqavilə çərçivəsində 25 il ərzində investisiya həcmi 1 milyard dollar təşkil edir. Müqavilə 5 illik uzadılma imkanını da nəzərdə tutur.

Müqavilənin şərtlərinə əsasən, dövlətin ilkin gəlir payı 40% təşkil edir. Şirkət tərəfindən qoyulan investisiyanın ödənilməsindən sonra isə dövlətin payı 90%-ə çatacaq.

Blokun qalan qaz ehtiyatları 25 milyard kubmetr təşkil edir. Lakin onların hasilatı üçün yeni texnologiyaların tətbiqi və quyuların təmir edilməsi lazımdır. İndiyədək "Qumdəniz" və "Bahar" yataqlarından 128 milyard kubmetr qaz hasil edilib.

1955-ci ildən istismarda olan "Qumdəniz" yatağı Bakıdan cənub-şərqə doğru 21 kilometrlik məsafədə, 1969-cu ildən işlənən "Bahar" yatağı isə Bakının cənub-şərqindən 40 kilometr məsafədə yerləşir.

Müqavilənin ikinci hissəsi çərçivəsində 3 il ərzində müqaviləyə daxil olan "Bahar-2" prespektivli strukturda bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. "Əgər ehtiyac olarsa, 4-cü il daha bir kəşfiyyat quyusu qazıla bilər", - ARDNŞ prezidenti Rövnəq Abdullayev daha əvvələr deyib.

Azərbaycan bu yataqları uzun zamandan bəri istismar etdiyi üçün infrastrukturun köhnəlməsini nəzərə alaraq burada başlıca olaraq yeni infrastruktur yaradılacaq, "Lakin imkan daxilində köhnə infrastrukturu istifadə etməyə çalışacağıq", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti