...

Azərbaycan qlobal maliyyə böhranından ən az itki ilə çıxıb - Prezident İlham Əliyev

Energetika Materials 24 Dekabr 2009 20:53 (UTC +04:00)
Azərbaycan qlobal maliyyə böhranından ən az itki ilə çıxıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Vesti" telekanalına bildirib.
Azərbaycan qlobal maliyyə böhranından ən az itki ilə çıxıb - Prezident İlham Əliyev

Azərbatycan, Bakı, 24 dekabr / Trend /

Azərbaycan qlobal maliyyə böhranından ən az itki ilə çıxıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Vesti" telekanalına bildirib.

"Azərbaycan iqtisadiyyatı ümumilikdə dinamik inkişaf edib. 2009-cu il ərzində iqtisadiyyatın artımı 9%-dən çox təşkil edib ki, bu da fikrimcə, maliyyə böhranı şəraitində yaxşı göstəricidir", - dövlət başçısı deyib.

Onun sözlərinə görə, ölkədə sənaye istehsalı təqribən 9% artıb, inflyasiya 2%-dən az təşkil edib, əhalinin gəlirləri isə xeyli yüksəkdir.

"İlin əsas sosial-iqtisadi göstəriciləri Azərbaycanın uğurla inkişaf etməsinin sübutudur, - İlham Əliyev deyib. - Düşünürəm ki, əsas uğurlar budur ki, biz iqtisadiyyatı diversifikasiyalaşdıra bildik və kifayət qədər qısa zaman müddətində çox ciddi iqtisadi islahatlar həyata keçirə bildik".

Prezidentin fikrincə, təsadüfi deyil ki, aparıcı beynəlxalq maliyyə institutları bu planda ölkənin nailiyyətlərini qeyd edir. "Ölkənin çox dayanıqlı beynəlxalq reytinqi var. Bütün reytinq agentlikləri nailiyyətlərimizi çox yüksək qiymətləndirirlər", - İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, Azərbaycan öz karbohidrogenlərinin ixracı üçün boru kəmərləri ilə tam təmin edilib.

"Biz yeni boru kəmərləri inşa etmişik. Azərbaycanın yeni boru kəmərlərinin inşasına ehtiyacı yoxdur. Neftin nəqlinə gəlincə isə, müxtəlif istiqamətlərdə 3 boru kəməri var. Qaz nəqli bizi bütün qonşu ölkələrlə birləşdirən dörd boru kəməri vasitəsilə həyata keçirilir", - Azərbaycan Prezidenti deyib.

"Bu və ya digər layihələr ətrafında bir çox bəyanatlar və siyasi spekulyasiyalar var, lakin fəaliyyət azdır", - "Nabukko" qaz kəməri layihəsinin perspektivinə dair suala cavab verən İlham Əliyev deyib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan gələcəkdə öz qaz tədarükünün divesifikasiyalaşdırılmasında maraqlıdır. "Bu gün respublikanın qaz tədarükü regionlarla məhdudlaşıb. Lakin Azərbaycanda 2 trilyon kubmetr həcmində təsdiqlənmiş minimal qaz ehtiyatlarının, böyük potensialın və 5 trilyon kubmetr səviyyəsində qaz ehtiyatlarının olmasını nəzərə alsaq satış üçün yeni bazarlara çıxmaq ölkə üçün cəlbedici məqamdır", - o deyib.

Azərbaycan ilə Rusiyanın enerji əməkdaşlığı məsələsinə toxunan dövlət başçısı qeyd edib ki, ölkələr arasındakı əlaqələr böyük tarixə və yaxşı nəticələrə malikdir.

"Biz artıq uzun illərdir ki, "Bakı-Novorossiysk" neft kəməri vasitəsilə Rusiya ərazisi ilə neft nəql edirik. Bu il nəqlin həcmi xeyli artıb. Biz bundan məmnunuq və gələcəkdə də bu istiqamətdə tədarükün artırılması üzrə işlərin aparılacağına ümid edirik", - İlham Əliyev deyib.

Azərbaycan və Rusiya elektrik enerjisi sahəsində fəal əməkdaşlıq edir. Azərbaycan indi Rusiyaya idxal etdiyindən daha çox elektrik enerjisi ixrac edir.

Prezidentin sözlərinə görə, Azərbaycan 2007-ci ilədək Rusiya qazının alıcısı idi, çünki respublikanın öz ehtiyatları kifayət etmirdi. Gələn ilin əvvəlindən etibarın Azərbaycan Rusiyaya qaz ixrac edəcək.

İlham Əliyev bununla yanaşı qeyd edib ki, ölkə bəyan edilən həcmlə məhdudlaşmayacaq. "Əgər qarşılıqlı razılaşma olarsa, real potensial nəzərdə tutulan həcmi ən azından iki dəfə artırmağa imkan verir", - o deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan üçün əsas prioritetlərdən biri kənd təsərüfatıdır. Bu gün Azərbaycan ərzaq məhsulların daxili istehsalı hesabına özünü tam təmin edir.

İkinci mühüm sahə isə informasiya-kommunikasiya texnologiyasıdır. "Biz bu planda çox irəliləmişik və iki ildən sonra yeni süni peyk buraxmağı planlaşdırırıq, yəni kosmik sənaye yaradacağıq. Bu planda da dünyada Azərbaycanın reytinqi durmadan artır", - İlham Əliyev deyib.

"İnfrastrukturla əlaqədar olan layihələr Azərbaycana çox güclü nəqliyyat bazası yaratmağa imkan verir. Bu gün Azərbaycan Asiyadan Avropaya və əks istiqamətdə yüklər tranzit edən ölkədir. Bu, gələcəkdə respublikaya iqtisadiyyatı diversifikasiyalaşdırmağa və daha çox qazanc əldə etməyə kömək edəcək", - dövlət başçısı deyib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın tanker donanması Xəzərdə ən az 20 milyon ton neft və neft məhsulları nəql etməyə imkan verir ki, bu da mövcud həcmləri xeyli ötüb keçir.

Xəbər lenti

Xəbər lenti