...

ARDNŞ Xəzərdə qaz hasilatının artırılması üçün işlər görür

Energetika Materials 7 Yanvar 2010 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir E.İsmayılov/

ARDNŞ 2010-cu ilin sonu 2011-ci ilin əvvəlinə "Bulla dəniz" dəniz qaz yatağındakı (Bulla dəniz-82 platforması) dərin kəşfiyyat quyusunun qazılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə cümə axşamı ARDNŞ-dəki mənbə deyib.

Proqnozlara görə, yeni quyudan 500 min kubmetrə yaxın qaz və 80 ton qaz-kondensat hasil edilə bilər.

"Burada işlərin həcmi böyükdür və ən yaxşı halda kəşfiyyat quyusunun qazılması bu ilin sonuna, ola bilsin ki, gələn ilin əvvəlinə başa çatacaq", - mənbə deyib.

Mənbənin sözlərinə görə, hazırda quyunun dərinliyi 2800 metr təşkil edir. Quyunun layihə dərinliyi isə 6400 metrdir.

Əvvəllər bu quyunun qazılmasına başlanılsa da iş sona çatdırılmamışdı. Dərinliyi 1200 metrə çatdırıldıqdan sonra qazma işləri dayandırılmışdı. Lakin bu yaxınlarda qazma işlərinin yenidən bərpa edilməsi barədə qərar qəbul edilib.

ARDNŞ həmçinin "Bulla dəniz-29" platformasının genişləndirilməsi və modernləşdirilməsi üzrə işlər görür. Genişlənmənin aparılması 4 yeni blokun hesabına planlaşdırılır.

"İki blok artıq yerinə çatdırılıb, yaxın zamanlarda digər bloklar da aparılacaq", - mənbə deyib.

Bir müddət əvvəl ARDNŞ-nin verdiyi məlumatda deyilir ki, hər blokun hündürlüyü 43 metr, çəkisi isə 170 tondur. Yaxın günlərdə bu blokların platformaya göndərilməsi planlaşdırılır. İşlərin üç ay ərzində yekunlaşdırılması, modernləşmədən sonra isə platformadan yeni quyuların qazılması planlaşdırılır. İlk növbədə, 5700 metr dərinliyi olan quyu qazılacaq.

"Bulla dəniz" yatağı 1975-ci ildən istismardadır. 34 il ərzində yataqdan 62 milyard kubmetr qaz və 11 milyon ton neft və kondensat hasil edilib.

"Bulla dəniz" yatağından sutkada 450 min kubmetr qaz hasil edilir. ARDNŞ geoloqlarının fikrincə, bu yataqdan qaz hasilatını bir neçə dəfə artırmaq olar.

Xəbər lenti

Xəbər lenti