...

Azərbaycan 2010-cu ildə Rusiyaya 1 milyard kubmetrdən çox qaz ixrac edəcək

Energetika Materials 8 Yanvar 2010 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir E.İsmayılov/

"2009-cu ildə ARDNŞ və Rusiyanın qaz monopolisti olan "Qazprom" şirkəti arasında imzalanmış orta müddətli müqavilə çərçvəsində 2010-cu ildə Rusiyaya 1 milyard kubmetrdən artıq qaz tədarük ediləcək", - bu barədə cümə günü hökumətdən mənbə məlumat verib.

"Müqavilə çərçivəsində bu il Rusiyaya 1,095 milyard kubmetr Azərbaycan qazı tədarük ediləcək", - mənbə deyib.

Rusiayaya Azərbaycan qazının tədarükünə bu il yanvarın 1-dən başlanıb. ARDNŞ rəhbəri Rövnəq Abdullayevin daha əvvəllər dediyinə görə, ilk olaraq nəzərdə tutulurdu ki, 2010-cu ildə Rusiyaya 500 milyon kubmetr qaz ixrac ediləcək, lakin danışıqlar nəticəsində tərəflər tədarük həcminin ilk dəfə artırılmasına dair qərara gəliblər.

Azərbaycan illik buraxılma qabiliyyəti 5 milyard kubmetrədək olan Mozdok-Qazıməhəmməd qaz kəməri vasitəsilə Rusiyaya qaz ixrac edir. 2007-ci ilədək bu qaz kəməri vasitəsilə Azərbaycan 4,5 milyard kubmetrədək qaz idxal edib. Lakin sonradan Azərbaycan Rusiya qazının idxalından imtina edib.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə oktyabrın 14-də Bakıda imzalanıb. Müqavilə ARDNŞ ilə "Qazprom" şirkəti arasında imzalanıb, 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə uyğun olaraq, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə tədarük həcminin həddi göstərilməyib. ARDNŞ yarım il əvvəldən tədarük edə biləcəyi həcm barədə qarşı tərəfi xəbərdar edəcək.

Xəbər lenti

Xəbər lenti