...

Azərbaycan qazının Rusiyaya sutkalıq tədarükü artırılacaq

Energetika Materials 11 Yanvar 2010 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir E.İsmayılov/

ARDNŞ və Rusiyanın "Qazprom" şirkəti arasında bağlanan Azərbaycan qazının alqı-satqısına dair müqavilə çərçivəsində hazırda Azərbaycan Rusiyaya sutkada 1 milyon kubmetr qaz ixrac edir, bazar ertəsi neft qaz bazarından mənbə deyib.

"İndi Azərbaycandan ixrac edilən qazın sutkalıq həcmi 1 milyon kubmetr təşkil edir", mənbə deyib.

Mənbənin sözlərinə görə, yanvarın 15-dən etibarən Mozdok-Qazıməhəmməd boru kəməri ilə nəql edilən qazın həcmi 1,5 milyon kubmetrə çatacaq.

Azərbaycan qazının Rusiyaya ixracına bu il yanvarın 1-dən başlanıb.

ARDNŞ rəhbəri Rövnəq Abdullayevin daha əvvəllər dediyinə görə, ilk olaraq nəzərdə tutulurdu ki, 2010-cu ildə Rusiyaya 500 milyon kubmetr qaz ixrac ediləcək, lakin danışıqlar nəticəsində tərəflər tədarük həcminin iki dəfə artırılmasına dair qərara gəliblər.

Hökumətdən olan mənbənin bir müddət öncə dediyinə görə, proqnozlara əsasən Ruisiyaya 1,1 milyard kubmetrə yaxın Azərbaycan qazı tədarük ediləcək.

Azərbaycan illik buraxılma qabiliyyəti 5 milyard kubmetrədək olan Mozdok-Qazıməhəmməd qaz kəməri vasitəsilə Rusiyaya qaz ixrac edir. 2007-ci ilədək bu qaz kəməri vasitəsilə Azərbaycan 4,5 milyard kubmetrədək qaz idxal edib. Lakin sonradan Azərbaycan Rusiya qazının idxalından imtina edib.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə oktyabrın 14-də Bakıda imzalanıb. Müqavilə ARDNŞ ilə "Qazprom" şirkəti arasında imzalanıb, 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə uyğun olaraq, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə tədarük həcminin həddi göstərilməyib. ARDNŞ tədarük edə biləcəyi həcm barədə yarım il əvvəldən qarşı tərəfi xəbərdar edəcək.

Xəbər lenti

Xəbər lenti