...

bp Azərbaycanın "Şahdəniz" yatağında yeni quyu qazmağa hazırlaşır

Energetika Materials 28 Yanvar 2010 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi çərçivəsində layihənin texniki operatoru olan bp şirkəti fevral ayında yataqda altıncı hasilat quyusunu qazmağa başlayacaq. Bu barədə cümə axşamı neft-qaz bazarındakı mənbə bildirib.

"Altıncı quyunun qazılmasına tezliklə başlanılmalıdır. Bu, fevralın ortalarında və ya sonunda baş tutacaq", - mənbə deyib.

Onun sözlərinə görə, işlər bu ilin sonuna kimi başa çatdırılmalıdır.

Həmçinin bp hazırda yatağın hasilatda olan beş quyusundan birində konservasiya prosesini başa çatdırır. Əgər əvvəllər kolonlararası təzyiq səbəbindən quyunu ləvğ etmək planlaşdırılsa, sonradan onun hissə-hissə konservasiyası ilə bağlı qərar qəbul edilib.

Bu il yataqda 7,84 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur. Yataqda ən yüksək hasilatın 8,6-9 milyard kubmetr həcmində olacağı güman edilir. Proqnozlara əsasən, yatağın işlənilməsinin ikinci mərhələsi çərçivəsində burada qaz hasilatının ildə 20 milyard kubmetrədək artırılacağı mümkündür.

Azərbaycanın 2010-cu ilə olan dövlət büdcəsində nəzərdə tutulan proqnozlara əsasən, yataqdan 8,7 milyard kubmetrə yaxın qaz hasil edilməsi planlaşdırırlır.

"Şahdəniz" yatağından hasil edilən qaz hazırda Gürcüstan və Türkiyəyə nəql edilir. Qazın bir hissəsini isə layihə çərçivəsində Azərbaycan əldə edir.

"Şahdəniz" yatağının ehtiyyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5 faiz, Statoil hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti