...

ARDNŞ Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac edir

Energetika Materials 29 Yanvar 2010 18:55 (UTC +04:00)
ARDNŞ ilə Rusiyanın "Qazprom" şirkəti arasında bağlanan Azərbaycan qazının alqı-satqısına dair müqavilə çərçivəsində Azərbaycan hazırda Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac edir.

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir E.İsmayılov/

ARDNŞ ilə Rusiyanın "Qazprom" şirkəti arasında bağlanan Azərbaycan qazının alqı-satqısına dair müqavilə çərçivəsində Azərbaycan hazırda Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac edir. Bu barədə cümə günü neft-qaz bazarındakı mənbə bildirib.

"Hazırda Azərbaycanın Rusiyaya ixrac etdiyi qazın sutkalıq həcmi 1,5 milyon kubmetr təşkil edir", - mənbə deyib.

Mənbənin sözlərinə görə, hazırda şimal istiqamətində qaz verilişi hələlik ildə 500 milyon kubmetr hesabı ilə həyata keçirilir. Azərbaycan qazının Rusiyaya ixracına bu ilin yanvar ayından başlanılıb.

ARDNŞ rəhbəri Rövnəq Abdullayevin daha əvvəllər dediyinə görə, ilkin olaraq nəzərdə tutulurdu ki, 2010-cu ildə Rusiyaya 500 milyon kubmetr qaz ixrac ediləcək, lakin danışıqlar nəticəsində tərəflər tədarük həcminin iki dəfə artırılmasına dair qərara gəliblər.

Hökumətdən olan mənbənin bir müddət öncə dediyinə görə, proqnozlara əsasən Ruisiyaya 1,1 milyard kubmetrə yaxın Azərbaycan qazı tədarük ediləcək.

"Qazprom" və ARDNŞ Rusiyaya 2011-ci ildə ixrac ediləcək qazın həcmi barədə razılaşıblar, 2011-ci ildə tədarük həcmi təxminən 2 milyard kubmetr təşkil edəcək.

Azərbaycan illik buraxılma qabiliyyəti 5 milyard kubmetrədək olan Mozdok-Qazıməhəmməd qaz kəməri vasitəsilə Rusiyaya qaz ixrac edir. 2007-ci ilədək bu qaz kəməri vasitəsilə Azərbaycan 4,5 milyard kubmetrədək qaz idxal edib. Lakin sonradan Azərbaycan Rusiya qazının idxalından imtina edib.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə oktyabrın 14-də Bakıda imzalanıb. Müqavilə ARDNŞ ilə "Qazprom" şirkəti arasında imzalanıb, 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə uyğun olaraq, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə tədarük həcminin həddi göstərilməyib. ARDNŞ tədarük edə biləcəyi həcm barədə yarım il əvvəldən qarşı tərəfi xəbərdar edəcək.

Xəbər lenti

Xəbər lenti