Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir E.İsmayılov/
Yaxın vaxtlarda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyənin Petkim Neft-Kimya Kompleksinin yaxınlığında yeni neft emalı zavodunun (NEZ) inşasına başlamaq üçün lisenziya alacaq. Bu barədə cümə axşamı ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsi bildirib. ARDNŞ Petkim şirkətinin şərikidir.
"Biz lisenziya almaq üçün Türkiyənin müvafiq orqanlarına müraciət etmişik. Hazırda müraciətə baxılır, lakin hələ bizə rəsmi cavab verilməyib. Ümid edirik ki, yaxın vaxtlarda lisenziya alacağıq", - mənbə deyib.
Onun sözlərinə görə, lisenziyanın olmamasına baxmayaraq, bu layihə çərçivəsində işlər davam etdirilir. Artıq zavodun ilkin texniki konsepsiyası hazırlanıb. "Sözsüz ki, əlimizdə lisenziya olmadığından hərtərəfli mühəndislik işlərinə hələlik başlamamışıq", - mənbə vurğulayıb.
Bundan əvvəl Türkiyə hökuməti tikintinin başlanması üçün vacib olan ətraf mühitin qiymətləndirilməsinə dair hesabatı təsdiqləyib.
Zavodun inşasına 2010-cu ildə başlamaq planlaşdırılır. Bu barədə Petkimdən məlumat verilib. Yeni zavod neft-kimya kompleksinin xammala olan tələbatını təmin edəcək. Neft məhsullarının qalan hissəsi yerli bazarda və Avropada satılacaq. Yeni zavodun gücü ildə 10-15 milyon ton məhsul olacaq.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Turcas Petrol/Injaz Projects şirkətlər alyansı Türkiyənin "Petkim" Neft-Kimya Holdinqində 51 faizlik səhm paketinin alınması üzrə tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkimin inkişafına yatıracaqları sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.
"Petkim Petrokimya Holding" plastik qablar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.