...

"Nabukko" layihəsi Aİ və Azərbaycan üçün vacibdir – Avropa İttifaqı nümayəndəliyinin başçısı Rolan Kobia

Energetika Materials 1 Mart 2010 18:30 (UTC +04:00)
"Cənub dəhlizi" Avropa İttifaqı ölkələrini yeni qaz tədarükü mənbələri və yeni marşrutları ilə təmin etmək imkanı verir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu ilə görüş zamanı deyib.
"Nabukko" layihəsi Aİ və Azərbaycan üçün vacibdir – Avropa İttifaqı nümayəndəliyinin başçısı Rolan Kobia

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir A.Bədəlova/

"Cənub dəhlizi" Avropa İttifaqı ölkələrini yeni qaz tədarükü mənbələri və yeni marşrutları ilə təmin etmək imkanı verir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu ilə görüş zamanı deyib.

Onun sözlərinə görə, "Cənub dəhlizi"nin tərkibinə daxil olan "Nabukko" qaz kəməri layihəsi həm Avropa İttifaqı, həm də Azərbaycan üçün mühümdür.

"Bu layihənin reallaşdırılmasında hər iki tərəfin - həm tədarükçünün, həm də alıcının eyni marağı var. Tədarükçülər potensial alıcıların diversifikasiya edilməsində maraqlıdır, alıcılar isə öz tədarükçülərinin diversifikasiya edilməsində maraqlıdır", - Kobia deyib.

Kobianın sözlərinə görə, "Nabukko" layihəsi çox yaxşı inkişaf edir.

""Nabukko" layihəsi ilə bağlı problem yoxdur. Bütün qaz boru kəməri layihələri kimi bu da çətin layihədir, belə ki, hesab edilir ki, çox kilometrlərlə boru nəzərdə tutulur, həll edilməsi vacib olan bir çox məsələlər - texniki, hüquqi məsələlər və bəzən siyasi məsələlər var. Bu normaldır", - Kobia deyib.

"Mən inanıram ki, "Nabukko" layihəsinin reallaşdırılmasına dair Azərbaycan tərəfdən çox güclü dəstək var. Avropa İttifaqı tərəfindən də eynilə həmin dəstək var", - Kobia deyib.

Kobianın sözlərinə görə, layihə həmçinin hər hansı maliyyə problemi yaşamır.

"Bunun üçün şirkətlər var və onlar pul ayırmağa hazırdır. Mən bu günə qədər görməmişəm ki, hansısa şirkət desin ki, maliyyə, yaxud iqtisadi böhran olduğuna görə kredit ayıra bilmir. Həmçinin qeyd etmək istəyirəm ki, AYİB və AİB kimi beynəlxalq maliyyə institutları layihəni dəstəkləyirlər", - Kobia deyib.

Kobianın dediyi kimi, "Nabukko" Aİ-nin maraqlandığı yeganə layihə deyil.

"Həmçinin İTGİ layihəsi mövcuddur. Biz ümid edirik ki, yekun həllə artıq bu il nail olunacaq", - Kobia deyib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqlini nəzərdə tutan ITGI nəqliyyat dəhlizinə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, ITG (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) və IGI layihələri daxildir. Yunanıstan-İtaliya birləşdirici boru kəməri qazı Xəzər regionundan və Yaxın Şərqdən Türkiyə və Yunanıstan vasistəsilə İtaliya və Qərbi Avropaya nəql etməyə imkan verəcək. Türkiyə-Yunanıstan-İtaliya nəqliyyat dəhlizinin çatışmayan halqasıdır. ITGI-nin ötürmə gücü ildə 12 mlrd. kubmetr səviyyəsində planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti