...

BP Azərbaycan yatağında yeni quyunun qazılmasına başlayıb

Energetika Materials 3 Mart 2010 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" dəniz yatağının işlənmə layihəsinin operatoru olan BP şirkəti yataqda yeni hasilat quyusunun qazılmasına başlayıb. Bu barədə neft-qaz bazarındakı mənbə çərşənbə günü bildirib.

"Yataqda altıncı quyunun qazılmasına artıq başlanılıb və təxminən 250 metr qazılıb", - mənbə deyib. "Şahdəniz" yatağındakı quyunun layihə üzrə dərinliyi 7000 metr təşkil edir.

Mənbənin sözlərinə görə, quyunun qazılmasını bu ilin sonunadək başa çatdırmaq planlaşdırılır.

Əvvəllər BP yataqda mövcud olan beş quyudan birinin konservasiyasını başa çatdırıb. Quyunun vəziyyətinin pis olması ilə əlaqədar olaraq onun tam bağlanması planlaşdırılsa da sonradan onun konservasiyası haqqında qərar qəbul edilmişdi.

Mənbə əvvəllər deyib ki, ləğvetmə qərarının qəbul edilməsinə səbəb kolonlararası məkanda təzyiqin olması olub.

Quyuların ləvğ edilməsi prosesində məlum olub ki, quyunu sonadək ləvğ etməmək olar. Quyunun 2500 metrə yaxını ləğv edilib, qalan 4 min metr isə konservasiya olunub.

Yataqda ən yüksək hasilatın 8,6-9 milyard kubmetr həcmində olacağı güman edilir. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində burada qaz hasilatının ildə 20 milyard kubmetrədək artırılacağı mümkündür.

"Şahdəniz" yatağından hasil edilən qaz hazırda Gürcüstan və Türkiyəyə nəql edilir. Qazın bir hissəsini isə layihə çərçivəsində Azərbaycan əldə edir.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5 faiz, Statoil hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti