...

Azərbaycan və Türkiyə qaz məsələlərini ekspertlər səviyyəsində müzakirə edir – ARDNŞ rəhbəri Rövnəq Abdullayev

Energetika Materials 30 Mart 2010 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.İsmayılov/

Azərbaycan və Türkiyə "Şahdəniz" yatağından hasil olunan qazın qiyməti və onun Türkiyə ərazisi vasitəsilə tranziti məsələsinə dair danışıqları ekspertlər səviyyəsində davam etdirir. Bunu ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev çərşənbə axşamı deyib.

"Danışıqlar 100-dən çox məsələnin müzakirəsini nəzərdə tutur. Əksəriyyəti texniki səciyyə daşıyan həmin məsələlər ekspertlər səviyyəsində nəzərdən keçirilir", - Abdullayev deyib.

Onun sözlərinə görə, ekspertlər yaxın zamanlarda öz işlərini yekunlaşdıracaq və danışıqlar iki ölkənin şirkətlər və nazirləri səviyyəsində davam etdiriləcək.

Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollara tədarük edilir. Bununla belə, Türkiyənin daxili bazarında istehlak üçün neftin qiyməti 1000 kubmetrə 300 dollar təşkil edir (məlumatlar Türkiyənin "Botaş" şirkətinin rəsmi saytındandır).

Türkiyə tərəfi ilə imzalanan müqavilədə göstərildiyi kimi, "Şahdəniz" yatağından hasil edilən qazın qiymətinə tədarükə başlanandan bir il sonra baxıla bilər, yəni yeni qiymətlər 2008-ci il aprelin 15-dən tətbiq edilə bilər.

Qaz üzrə danışıqların iştirakçısı olan ARDNŞ nümayəndələrinin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə arasındakı qaz məsələsi paketdə müzakirə olunur. Buraya "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində qazın qiyməti, həmin layihənin ikinci mərhələsindən Türkiyə üçün qazın qiyməti, Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranziti məsələləri daxildir.

Hazırda tərəflər arasındakı müzakirənin mövzusu "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qazın qiyməti və Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə tranzitidir.

Azərbaycan və Türkiyə arasında tranzit məsələsinə dair razılığın əldə olunması Azərbaycan tərəfinə Avropaya qaz ixrac etməyə imkan verəcək.

Azərbaycan qazının Avropaya tədarükü üçün ən perspektivli marşrut Cənub energetika dəhlizidir. Buraya Nabukko, ITGI və Transadriatik qaz kəməri layihəsi daxildir. Lakin Azərbaycan və Türkiyə arasında Türkiyə ərazisi vasitəsilə tranzit məsələsinə dair razılığın əldə olunmaması Azərbaycanın alternativ martşrut axtarışına təkan verir.

Müqaviləyə əsasən, Türkiyə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində sutkada 6,6 milyon kubmetr qaz əldə etməlidir.

Xəbər lenti

Xəbər lenti