...

Azərbaycan, Gürcüstan və Rumıniya Azərbaycanın maye qazının tədarükü perspektivlərini müzakirə edirlər

Energetika Materials 11 May 2010 18:35 (UTC +04:00)

Аzərbaycan, Bakı, 11 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan, Gürcüstan və Rumıniya bu gün Tbilisidə "Azerbaijan-Georgia-Romania Interconnector" layihəsi çərçivəsində Azərbaycan qazının Qara dəniz vasitəsilə Rumıniyaya tədarükü perspektivlərini müzakirə edirlər. Bu barədə çərşənbə axşamı Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Mənsimlinin sözlərinə görə, bu il aprelin 13-də imzalanmış "Maye qaz və onun nəqli sahəsində əməkdaşlıq" haqqında memorandum çərçivəsində danışıqlar aparılır. Hazırda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Tbilisidə danışıqlarda iştirak edir.

Azərbaycanın maye qazının Rumıniyaya tədarükü layihəsində qazın nəqli üçün iki terminalın (birinin Gürcüstana, digərinin Rumıniya) tikintisi də nəzərdə tutulub. İlkin ehtimallara görə layihə 4-6 milyard dollara başa gələcək.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərində qaz kəmərləri vasitəsilə nəqlini və orada xüsusi terminalda mayeləşdirilməsi və bundan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılmasını nəzərdə tutur. Sonra maye qaz təbii qaz halına salınacaq və ölkə ərazisində mövcud olan qaz infrastrukturlarından istifadə etməklə Rumıniya və digər Avropa ölkələrinin tələbatının təmin edilməsinə yönəldiləcək.

Memoranduma əsasən, tərəflər "Cənub dəhlizi" çərçivəsində Xəzər regionu və Avropanı birləşdirən energetika tranziti dəhlizinin inkişafına dair niyyətlərini bildiriblər, qaz ticarəti və Rumıniyanın yeraltı qazsaxlama anbarlarından istifadə, həmçinin energetika sahəsində fəaliyyət göstərən müvafiq strukturlar arasındakı əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılmasına dair qərar qəbul edilib. Həmçinin texniki-iqtisadi əsasların işlənib hazırlanması və "Azerbaijan-Georgia-Romania İnterconnector" layihəsində texniki, texnoloji, maliyyə və hüquqi aspektlərin müəyyən olunması məqsədilə Rumıniya tərəfindən Buxarestdə şirkətin yaradılması təklifi qəbul olunub.

Xəbər lenti

Xəbər lenti