...

Yanvar-aprel aylarında Azərbaycanın daxili bazarında benzin və dizel yanacağının satışı artıb

Energetika Materials 17 May 2010 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Yanvar-aprel aylarında Azərbaycanın daxili bazarlarına 1,07 milyon tona yaxın neft məhsulları göndərilib. Ötən ilin yanvar-aprel aylarında bu göstərici 1,11 milyon tona yaxın təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Neft məhsullarının ümumi həcmindən 303,7 min tonu avtomobil benzininin payına düşüb ki, bu da daxili bazarda ötən ilin analoji dövrünə nisbətən 3,6 faiz artımla ən çox satılan məhsul olub. Azərbaycanın daxili bazarında А-92 markalı benzinin bir tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 670 AZN, А-95 isə 736 AZN təşkil edir. Komitənin məlumatına görə, yanvar-noyabr aylarında Azərbaycanın "Azpetrol" şirkəti realizə üçün təxminən 63,83 min tondan çox, LUKoyl isə 144 min tona yaxın avtomobil benzini alıb. SOCAR Petroleum şirkətinə 27,7 min ton avtomobil benzini göndərilib.

Yanvar-aprel aylarında daxili bazarda 712 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilə nisbətən 12,7 faiz çoxdur. Daxili bazarda 1 ton dizel yanacağının topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 485 AZN təşkil edir. Bu həcmdən "Azpetrol" 224 min ton, LUKoyl isə 29,44 min tona yaxın dizel yanacağı əldə edib. Xəzər Dəniz Gəmiçiliyi təxminən 7 min ton dizel yanacağı alıb.

Hazırda "Azpetrol" Azərbaycanda 70 yanacaqdoldurma stansiyasına (YDS) malikdir ki, onlardan 66-sı benzindoldurma, 4-ü qazdoldurma stansiyasıdır. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması, YDS-in fasiləsiz işləməsini təmin etmək və müştərilərə xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 1999-cu ildə ümumi tutumu 7 min ton olan neft bazası və beynəlxalq tələblərə cavab verən avtomobil parkı istismara verilib. Hazırda şirkətin avtomobil parkında 17 tondan 42 tonadək tutumu olan 110 benzindaşıyan maşın var ki, onlar şirkətin YDS-lərini yanacaqla təmin edirlər. Ölkədəki YDS-lərin ümumi sayının təxminən 15%-i "Azpetrol" şirkətinə məxsusdur, şirkətin bazarın müvafiq sektorundakı payı isə 50%-dən çox təşkil edir.

Yanvar-aprel aylarında daxili bazarda 73 min ton yanacaq mazutu satılıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 57,1 faiz azdır. Daxili bazarda М-40 mazutunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 100 AZN təşkil edir. Bu həcmdən "Azərenerji" SC təxminən 118,1 min tona yaxın, emal üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 34,8 min ton mazut əldə edib.

158,7 min ton aviasiya kerosini satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 50,7 faiz çoxdur. Aviasiya kerosininin 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 307 AZN təşkil edir.

Yanvar-aprel aylarında 49,5 min ton neft bitumu satılıb. Bu göstərici ötən illə müqayisədə 11,8 faiz azdır. Daxili bazarda BN 60/90 bitumunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV daxil olmaqla) 160 AZN təşkil edir.

Yanvar-apreldə daxili bazarda 23,2 min ton maye neft-qaz satılıb. Bu göstərici ötən illə müqayisədə 25,6 faiz azdır.

Neft məhsullarının digər növlərindən daxili bazarda 210,6 min ton satılıb ki, bu da 2009-cu ilin analoji dövrü ilə müqayisədə 10,6 faiz azdır.

Xəbər lenti

Xəbər lenti