...

Azərbaycan "Şahdəniz" yatağından Türkiyə və Gürcüstana qaz ixracını davam etdirir

Energetika Materials 27 May 2010 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.İsmayılov/

Hazırda Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensatı yatağının işlənməsi çərçivəsində Türkiyəyə sutkada 13-14 milyon kubmetr qaz ixrac olunur. Bu barədə cümə axşamı neft-qaz sahəsindəki mənbə məlumat verib.

"Bu gün "Şahdəniz" yatağından Türkiyəyə 13-14 milyon kubmetr qaz ixrac edilir", - mənbə bildirib.

Onun sözlərinə görə, bir az əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib ki, bu il Türkiyə "Şahdəniz" dəniz qaz-kondensat yatağından müqavilədə nəzərdə tutulmuş illik 6,6 milyard kubmetr həcmdə qaz alacaq.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasiklatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatının həcmini ildə 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Mənbənin sözlərinə görə, "Şahdəniz" yatağından Gürcüstan istiqamətində də qaz ixracı davam etdirilir. Belə ki, hazırda bu yataqdan Gürcüstana sutkada 1,2-1,3 milyon kubmetr Azərbaycan qazı ixrac olunur.

Xəbər lenti

Xəbər lenti