...

Yunanıstan "Cənub dəhlizi"nin enerji strategiyasını dəstəkləyir – energetika naziri

Energetika Materials 13 İyul 2010 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Bədəlova/

Yunanıstan enerjidaşıyıcılarının mənbə və marşrutlarının diversifikasiyalaşdırılması siyasətini həm Avropa, həm də Yunanıstanın milli enerji təhlükəsizliyinin gücləndirilməsində vacib vasitə kimi dəstəkləyir. Bu barədə Trend-ə müsahibəsində Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişiklikləri naziri Tina Birbili bildirib.

"Bu səbəbdən ölkə Xəzər qazının Balkan yarımadası və İtaliya vasitəsilə Avropa bazarlarına nəqlini nəzərdə tutan "Cənub dəhlizi"nin Avropa strategiyasının həyata keçirilməsini yalnız dəstəkləmir, eləcə də fəal kömək edir", - Birbili bildirib.

Nazir qeyd edib ki, bu strategiyanın effektivliyi müvafiq enerji infrastrukturun tikintisini, bəzi hallarda isə mövcud infrastrukturun modernləşdirilməsini tələb edir.

"Bizə görə bunun üçün vacib vasitə Yunanıstan-Bolqarıstan sahəsi daxil olmaqla, ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) layihəsinin başa çatmasıdır", - Birbili qeyd edib.

"Yunanıstan-Bolqarıstan qaz kəmərinin tikintisinin 2013-cü ildə, "Poseydon" boru kəmərinin isə 2015-ci ildə başa çatması gözlənilir", - Birbili vurğulayıb.

"Aİ ITGI-ni "Cənub dəhlizi"nin inkişafında prioritet layihə qismində nəzərdən keçirir və "Poseydon" qaz kəmərinin xərcinin 1/5-ni, Yunanıstan-Bolqarıstan qaz kəmərinin xərcinin 1/3-ni təmin etməyə hazırdır. Qaz kəmərlərinin dəyəri müvafiq olaraq 100 və 45 milyon avro məbləğində qiymətləndirilir", - Birbili bildirib.

ITGI qaz kəməri Azərbaycan qazının Yunanıstan və İtaliyaya tədarükünü nəzərdə tutan "Cənub dəhlizi" çərçivəsindəki layihələrdən biridir. ITGI-yə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, ITGI (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) və IGI (Yunanıstan-İtaliya) layihələri daxildir. Bunlar "Poseydon" adı ilə tanınır.

"Poseydon" sualtı boru kəmərinin planlaşdırılan gücü ildə 8-10 milyard kubmetr qaz təşkil edir. Uzunluğu 212 km olan boru kəməri Yunanıstanın Stavrolimenas şəhərindən İtaliyanın Otranto şəhərinədək Adriatik dənizinin dibindən keçəcək. Qaz kəməri sahəsinin inşasına İtaliyanın "Edison" şirkəti məsuldur. Tikinti 2012-ci ilədək başa çatdırıla bilər.

ITGI qaz kəmərinin planlaşdırılan buraxılma qabiliyyəti ildə 11,8 milyard kubmetr qaz təşkil edir. Bunun 3,6 milyard kubmetri Yunanıstan, qalan hisssəni isə İtaliya almaq niyyətindədir. ITGI boru kəməri Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə (mövcud Bakı-Tbilisi-Ərzurum boru kəməri) Yunanıstana, sonra isə İtaliyaya keçəcək. Boru kəmərinin 2015-ci ildə işə salınması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti