...

Astanada Qazaxıstanla ABŞ arasında nüvə enerjisi üzrə birgə fəaliyyət planının yerinə yetirlməsi müzakirə olunur

Energetika Materials 14 İyul 2010 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir S.Süleymanov/

Bu günlərdə Astanada nüvə energetikası üzrə Qazaxıstanla ABŞ arasında ötən ilin oktyabrında razılaşdırılmış birgə fəaliyyət planının yerinə yetirilməsi müzakirə olunur. Bu barədə Qazaxıstanda ikigünlük səfərdə olan ABŞ energetika nazirinin beynəlxalq nüvə siyasəti və əməkdaşlığı üzrə köməkçisinin müavini Edvard Makginnis bildirib.

"Biz sənəd imzalamışıq. Nüvə enerjisindən dinc istifadə üzrə işçi alt qrupunun texniki tapşırığı və ekspert qrupunun ilk iclası sabah Astanada keçiriləcək", - Makginnis deyib.

Qazaxıstanla ABŞ arasında birgə fəaliyyət planı energetika sahəsində dörd istiqamət üzrə tərəfdaşlıq çərçivəsində əməkdaşlığa yönəlib. Birincisi, nüvə fiziki təhlükəsizliyi və atom energetikası, ikincisi, neft və qaz, üçüncüsü, bərpa olunan enerji mənbələri və enerjinin effektivliyi, dördüncüsü isə elektrik enerjisidir.

"Mən buna görə Astanadayam ki, Qazaxıstanla mülki və dinc energetika məsələləri üzrə əməkdaşlığı müzakirə edim", - Makginnis deyib.

Onun sözlərinə görə, ABŞ ekspertləri indi dünyada ən iri uran tədarükçülərindən olan Qazaxıstanla qarşılıqlı faydalı əməkdaşlığın hansı optimal istiqamətləri olduğunu öyrənirlər. Bu mövzu işçi qrupunun sabah keçiriləcək iclasının əsas mövzusu olacaq.

"Məsələn, Qazaxıstanla əməkdaşlıq üçün perspektiv istiqamət kimi az gücə malik modul reaktorlarının yerləşdirilməsini göstərmək olar", - Makginnis bildirib.

Bununla yanaşı, o xatırladıb ki, ABŞ və Qazaxıstan birgə fəaliyyət planı çərçivəsində həyata keçiriləcək nüvə enerjisi üzrə hər hansı proqramın təmin olunmasına xüsusi diqqət yetirir.

Edvard Makginnis ABŞ Energetika Nazirliyinin beynəlxalq mülki atom enerjisi sahəsində siyasəti məsələlərinə cavabdehdir. Buraya beynəlxalq nüvə araşdırmaları, beynəlxalq proqramların işlənməsi və onların həyata keçirilməsi üzrə əməkdaşlıq, beynəlxalq çərçivə münasibətlərinin və tərəfdaşlıq əlaqələrinin inkişafı və beynəlxalq nüvə siyasəti, eləcə də ABŞ Energetika Nazirliyinin nüvə energetikası məsələləri üzrə bürosunun həyata keçirdiyi beynəlxalq mülki atom enerjisi ilə bağlı digər fəaliyyətlər daxildir.

Bu öhdəliklər çərçivəsində Makginnis təxminən 50 iştirakçı ölkədən ibarət olan nüvə energetikası sahəsində Beynəlxalq çərçivə əməkdaşlığı Əlaqələndirmə Qrupunun sədri kimi çıxış edir və Energetika Nazirliyinin ABŞ mülki atom enerjisi məsələləri üzrə ticarət və yardım Əlaqələndirmə Komitəsindəki nümayəndəsidir.

Xəbər lenti

Xəbər lenti