...

"Azərikimya" Milli Mətbuatın 135 illiyi münasibətilə sumqayıtlı jurnalistləri təbrik edib (FOTO)

Energetika Materials 24 İyul 2010 11:28 (UTC +04:00)
Azərbaycan Milli Mətbuatının yaranmasının 135-ci ildönümü münasibətilə iyulun 22-də «Azərikimya» rəhbərliyinin Sumqayıtın jurnalist ordusu və «Dünya-TV» telekanalının nümayəndələri ilə görüşü olub, - bu barədə şirkətin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Azərikimya" Milli Mətbuatın 135 illiyi münasibətilə sumqayıtlı jurnalistləri təbrik edib (FOTO)

Azərbaycan Milli Mətbuatının yaranmasının 135-ci ildönümü münasibətilə iyulun 22-də "Azərikimya" rəhbərliyinin Sumqayıtın jurnalist ordusu və "Dünya-TV" telekanalının nümayəndələri ilə görüşü olub, - bu barədə şirkətin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.    

Görüşdə Azərbaycan jurnalistlərinin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığı qeyd edilərək, mətbuat işçiləri peşə bayramları münasibətilə şirkət rəhbərliyi tərəfindən təbrik edilmiş, onlara yaradıcılıq uğurları arzulanmışdır.

Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan "Azərikimya" İB-də həyata keçirilən tədbirlər, istehsalatın səmərəliliyinin və  kimya məhsullarının keyfiyyətinin artırılması, kimyaçıların iş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərin respublika mətbuatında işıqlandırılması məsələləri, müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilmiş məlumatlar görüşün əsas mövzusu olmuşdur.  

Respublikamızın ictimai-siyasi həyatında və sənayenin müxtəlif sahələrində, o cümlədən, kimya sənayesində əldə olunmuş nailiyyətlərlə və digər aktual məsələlərlə bağlı fikirlərin söylənildiyi görüşdə, ulu öndər Heydər Əliyevin Azərbaycanda neft və kimya sənayesinin inkişafına, onun texnoloji avadanlıqlarının yeniləşdirilməsi və modernləşdirilməsi, sənayenin çox çətin və mürəkkəb sahələrindən biri olan kimya kompleksinin məhsullarının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində gördüyü işlərdən, onun uzaqgörən, müdrik iqtisadi siyasəti və qətiyyəti sayəsində müstəqillik illəri ərzində beynəlxalq əhəmiyyətə malik üç qlobal layihənin - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft və Bakı-Ərzurum qaz kəmərlərinin çəkilişinin uğurla reallaşdırılmasından söhbət açılmışdır.  

Jurnalistlərə məlumat verilmişdir ki, dünyada neftin sənaye üsulu ilə ilk dəfə çıxarıldığı, sonuncu dünya müharibəsində faşizm üzərində qələbənin təmin olunmasında mühüm, əvəzsiz rolu olmuş Bakıda - Abşeronun ilk neft yataqlarından olan Bibiheybətdə yaxın illərdə neft muzeyinin yaradılması nəzərdə tutulub.

Tədbirdə AzərTAcın Sumqayıt üzrə xüsusi müxbiri Ətrabə Rzayeva, "Sumqayıt" qəzetinin baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti Qüdrət Məlikov və "Sumqayıtxəbər" internet-saytının baş direktoru Eyvaz Qocayev çıxış etmiş, "Azərikimya" İstehsalat Birliyi rəhbərlyinin sumqayıtlı jurnalistlər, respublika qəzet və agentliklərinin Sumqayıt üzrə nümayəndələri ilə sıx əməkdaşlıq etmək planlarından, birliyin jurnalistlərlə "açıq qapı" prinsipi ilə işləmək niyyətindən məmnun olduqlarını, səmimi qəbula görə təşəkkürlərini bildirmişlər.

Xəbər lenti

Xəbər lenti