...

TAPI layihəsinin dirçəlişi - Trend-in icmalçısı

Energetika Materials 29 İyul 2010 18:13 (UTC +04:00)
2015-ci ilədək təbii qaz tələbatı 200 faizədək artacaq Hindistanın regionda qaz idxalı ilə bağlı fəaliyyəti intensivləşib. Hazırda Hindistanın qaz tələbatının (57,32 milyard kubmetr) əksər hissəsi (45,58 milyard kubmetr) daxili mənbələr, qalanı isə digər mənbələrdən, o cümlədən dünyanın ən böyük LNG istehsalçısı Qətərdən ildə 5 milyard kubmetr maye qaz almaqla təmin olunur. Lakin rəsmi Dehli 90-ci illərdən etibarən müxtəlif qaz kəmərlərinin çəkilişini, o cümlədən, TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan), IPI və ya "Sülh" qaz kəməri (İran-Pakistan-Hindistan), MBI (Myanma-Banqladeş-Hindistan) və Orta Şərqdən Qətər, yaxud Oman qazının dənizaltı qaz kəməri ilə nəqlini nəzərdən keçirib.
TAPI layihəsinin dirçəlişi - Trend-in icmalçısı

Trend-in Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

2015-ci ilədək təbii qaz tələbatı 200 faizədək artacaq Hindistanın regionda qaz idxalı ilə bağlı fəaliyyəti intensivləşib. Hazırda Hindistanın qaz tələbatının (57,32 milyard kubmetr) əksər hissəsi (45,58 milyard kubmetr) daxili mənbələr, qalanı isə digər mənbələrdən, o cümlədən dünyanın ən böyük LNG istehsalçısı Qətərdən ildə 5 milyard kubmetr maye qaz almaqla təmin olunur. Lakin rəsmi Dehli 90-ci illərdən etibarən müxtəlif qaz kəmərlərinin çəkilişini, o cümlədən, TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan), IPI və ya "Sülh" qaz kəməri (İran-Pakistan-Hindistan), MBI (Myanma-Banqladeş-Hindistan) və Orta Şərqdən Qətər, yaxud Oman qazının dənizaltı qaz kəməri ilə nəqlini nəzərdən keçirib.

Hindistanın xairici işlər nazirinin müavini Cayant Prasadın iyulun 27-də Aşqabada səfəri iki ölkə arasında enerji layihələri və tranziti imkanlarını müzakirə etmək məqsədi ilə həyata keçirilib.

2010-cu ilin mayında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Hindistana səfəri zamanı, həmçinin keçən həftə Kabildə BMT-nin keçirdiyi konfransda iki ölkə rəsmiləri arasında TAPI qaz kəmərinin çəkilişi ilə bağlı müzakirələr həyata keçirilib. TAPI kəməri 1680 km uzunluğunda ildə 30 milyard kubmetr qaz nəqli üçün planlaşdırılıb və kəmərin çəkilişi ilə bağlı 2002-ci ildə ilkin razılıqlar əldə olunub.

ABŞ-ın dəstəklədiyi və Asiya İnkişaf Bankının maliyyə yardımı ayırmağa hazır olduğu TAPI layihəsi Türkmənistan və Hindistan hakimiyyətləri üçün də strateji əhəmiyyət kəsb edir.

Türkmənistanın hazırda Çin (ildə 30 milyard kubmetr), İran (ildə 14 milyard kubmetr) və Rusiyaya (ildə 50 milyard kubmetr) qaz satışı ilə bağlı müqavilələri var və Hindistanla müqavilə bu ölkəni qaz bazarında daha güclü oyunçuya çevirəcək. Hindistan isə Mərkəzi Asiyada enerji mənbələri əldə etməkdə, bu ölkələrlə daha geniş iqtisadi əməkdaşlıqda maraqlıdır. Digər tərəfdən, Əfqanıstan ildə 5 milyard kubmetr daxili tələbatını TAPI kəməri ilə ödəyəcək və ildə 300 milyon dollar tranzit haqqı əldə edəcək ki, bununla da 11 milyon işsiz əhalisi olan Əfqanıstanda müəyyən iş imkanları və gəlir mənbəyi yarana bilər.

TAPI-yə alternativ layihələr çərçivəsində müzakirələr Hindistan tərəfindən dondurulub, o cümlədən MBI kəməri daha müzakirə olunmur, "Sülh" kəməri ilə bağlı müzakirələr isə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən dondurulmuş vəziyyətdədir. ABŞ İranın neft-qaz sahəsində ildə 20 milyard dollar sərmayə yatıran, yaxud ildə 5 milyard dollar gəlir əldə edən şirkətlərə embarqo tətbiq edəcəyini bildirib.

Hazırda əksər elektrik enerjisi tələbatını kömür yanacağı ilə təmin edən Hindistan nüvə və qaz stansiyalarının tikintisini də planlaşdırıb. Hazırda Hindistanın təsbit olunmuş qaz ehtiyatları 1,2 trilyon kubmetr təşkil edir. Hindistanın 2002-ci ildə yaydığı "India Hydrocarbon Vision 2025" sənədinə görə, 2015-ci ilədək daxili qaz tələbatı 113,61 milyard kubmetr, 2025-ci ildə isə 135 milyard kubmetrə çatacaq.

BP-nin 2009-cu ildə yaydığı statistikaya əsasən, Türkmənistanın qaz ehtiyatları, xüsusilə də "Cənubi Yolatan-Usman" qaz yataqlarının ehtiyatlarının təsbit olunması ilə 7,94 trilyon kubmetr təşkil edir və Hindistan üçün bu həcmdə qaz ehtiyatı həvəsləndiricidir. Buna baxmayaraq, Əfqanıstan və Pakistanda olan sabitsizlik, Türkmənistanla qazın qiyməti ilə bağlı razılaşmamalar, həmçinin rəsmi Aşqabadın bundan əvvəlki qaz müqavilələrinin yüksək həcmi TAPI-nin taleyinə kölgə salıb.

Xəbər lenti

Xəbər lenti