Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Yanvar-avqust aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakı-Novorossiysk şimal boru kəməri ilə 1,48 milyon tona yaxın neft ixrac edib. Ötən ilin müvafiq dövründə bu göstərici 1,7 milyon tona yaxın təşkil edib. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.
Avqustda bu boru kəməri ilə 2009-cu ilin analoji dövründəki 240 min tona yaxın neftə nisbətdə 214 min tona yaxın neft ixrac edilib.
ARDNŞ 2009-cu ildə Bakı-Novorossiysk boru kəməri ilə 2008-ci ildəki 1,2 milyon tona nisbətdə 2,5 milyon tona yaxın neft ixrac edib. 2007-ci ildə bu marşrutla 2006-cı ildəki göstərici ilə analoji həcmdə, yəni 1,2 milyon tona yaxın neft ixrac olunub. 2005-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə ixrac 1,6 milyon ton təşkil edib.
ARDNŞ Novorossiysk limanı vasitəsilə öz neft yataqlarında, eləcə də Azərbaycanın quru yataqlarında çalışan birgə müəssisələrin və əməliyyat şirkətlərinin hasil etdiyi neft məhsullarının yüklənib-boşaldılmasını həyata keçirir.
Bu gün Azərbaycan Bakı-Novorossiysk boru kəməri üzrə nəql vasitəsilə digər istehsalçıların nefti ilə qarışdırılaraq Urals markalı neftə çıxış əldə edir.
2007-ci ilin sonuna qədər Bakı-Novorossiysk boru kəmərinin operatoru Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) olub, sonra bu funksiyanı ARDNŞ-yə ötürüb.