Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 24,8 milyon ton neft nəql edilib. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü yayılan məlumatında deyilir. Bu il sentyabrın 1-nə olan məlumata görə, neft kəmərinin işə başladığı vaxtdan BTC ilə 131,4 milyon ton neft nəql olunub.
Məlumatda deyildiyi kimi, avqustda BTC vasitəsilə 3,2 milyon ton neft nəql olunub.
Yanvar-avqust aylarında Türkiyənin Ceyhan limanından dünya bazarlarına 24,9 milyon ton neft göndərilib. 2010-cu il sentyabrın 1-nə olan məlumata görə, BTC-nin işə başladığı vaxtdan etibarən Ceyhan limanından dünya bazarlarına 129,5 milyon ton Azərbaycan nefti göndərilib.
Məlumatda deyildiyi kimi, avqustda Ceyhan limanından dünya bazarlarına 3,1 milyon ton neft göndərilib.
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.
BTC-nin tikintisi dörd milyard dollara başa gəlib. Bu inşaat işlərinə, boru kəmərinin doldurulmasına çəkilən xərclər və maliyyə xərcləridir. Bank faizlərinin ödənilməsi bura daxil deyil. Maliyyə kreditinin ümumi həcmi 2,6 milyard dollar təşkil edir.
BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.