...

Azərbaycanın daxili bazarında aviasiya yanacağının satışı artıb

Energetika Materials 21 Oktyabr 2010 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında Azərbaycanın daxili bazarlarına 2,8 milyon tondan çox neft məhsulları göndərilib. Bu göstərici ötən ilin müvafiq dövründə 2,77 milyon ton olub. Bu barədə cümə axşamı Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcmindən 774,4 min ton avtomobil benzininin payına düşüb ki, bu da daxili bazarda ən çox satılan məhsul olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə benzin 6,8 faiz çox satılıb. Azərbaycanın daxili bazarında А-92 markalı benzinin bir tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 670 AZN, А-95-in isə 736 AZN təşkil edir. Komitənin məlumatına görə, yanvar-sentyabr aylarında Azərbaycanın "Azpetrol" şirkəti realizə üçün təxminən 360,1 min tondan çox, "LUKoyl" 119,26 min tona yaxın, "SOCAR Petrolium" isə 97,61 min ton avtomobil benzini alıb.

Hazırda "Azpetrol" Azərbaycanda 70 yanacaqdoldurma məntəqəsinə (YDM) malikdir ki, onlardan 66-sı benzindoldurma, 4-ü qazdoldurma stansiyasıdır. Yanacağın keyfiyyətinin yaxşılaşdırılması, YDM-in fasiləsiz işləməsini təmin etmək və müştərilərə xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 1999-cu ildə ümumi tutumu 7 min ton olan neft bazası və beynəlxalq tələblərə cavab verən avtomobil parkı istismara verilib. Hazırda şirkətin avtomobil parkında YDM-ləri yanacaqla təmin edən 17 tondan 42 tonadək tutumu olan 110 benzindaşıyan maşın var. Ölkədəki YDM-lərin ümumi sayının təxminən 15 faizi "Azpetrol"a məxsusdur. Şirkətin bazarın müvafiq sektorundakı payı isə 50 faizdən çoxdur.

Yanvar-sentyabr aylarında daxili bazarda 194,7 min ton yanacaq mazutu satılıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 20 faiz azdır. Daxili bazarda М-40 mazutunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 100 AZN təşkil edir.

Yanvar-sentyabr aylarında daxili bazarda 357,6 min ton aviasiya kerosini satılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz çoxdur. Aviasiya kerosininin 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 307 AZN təşkil edir.

Yanvar-sentyabr aylarında 162,7 min ton neft bitumu satılıb. Bu göstərici ötən illə müqayisədə 5,1 faiz azdır. Daxili bazarda BN 60/90 bitumunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 160 AZN təşkil edir.

Yanvar-sentyabrda daxili bazarda 58,5 min ton neft və maye qaz satılıb. Bu göstərici ötən illə müqayisədə 15,5 faiz azdır.

Neft məhsullarının digər növlərindən daxili bazarda 589,4 min ton satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz azdır.

Xəbər lenti

Xəbər lenti