Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ hasilat qazması çərçivəsində Xəzərin Azərbaycan sektorundakı "8 Mart" yatağında 3 500 metrdən çox qazma işləri görüb. Bu barədə cümə günü ARDNŞ-dəkı mənbə bildirib.
Onun sözlərinə görə, layihə dərinliyi 5800 metr təşkil edən quyunun qazılma prosesi ilin sonu və ya gələn ilin əvvəlində başa çatacaq. "Hazırda quyunun qazılması normal templərlə davam edir. Quyu bu ilin sonunda və ya gələn ilin əvvəlində istismara veriləcək", - mənbə qeyd edib.
Quyunun gözlənilən sutkalıq debiti 350 min kubmetrə yaxın qaz və 40 ton kondensat təşkil edir.
"Hazırda "8 Mart" yatağından sutkada 400 min kubmetrdən çox qaz hasil edilir. Şirkətin geoloqları gələcək qazma üçün artıq doqquz nöqtəni müəyyənləşdiriblər", - bundan əvvəl ARDNŞ-nin məlumatında bildirilib.
Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanı isə quruda yerləşir.