...

Türkiyənin "Petkim" neft-kimya kompleksi ERP sisteminin tətbiqi üzrə işləri başa çatdırıb

Energetika Materials 22 Oktyabr 2010 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbirlər E.İsmayılov, H.Vəliyev/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iştirak payına malik olduğu Türkiyənin "Petkim" neft-kimya kompleksi müəssisənin resurslarının planlaşdırılması sisteminin (ERP - Enterprise Resource Planning System) tətbiqi üzrə işləri başa çatdırıb. Bu barədə cümə günü neft-kimya kompleksindən məlumat verilib.

Dəyəri yeddi milyon dollar olan layihə "Koç Sistem" şirkəti ilə birgə həyata keçirilib.

SOCAR-TURCAS birgə müəssisəsinin icraçı direktoru Kənan Yavuzun sözlərinə görə, ERP sisteminin işlənməsinə qoyulan yatırımlar sonrakı səkkiz ay ərzində çıxarılacaq.

SAP şirkətinin həllər bazasında qurulan ERP sisteminin tətbiqi "Petkim"ə neft-kimya bazarında daha rəqabət qabiliyyətli olmağa, göstərilən xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmağa, eləcə də bütün istehsal proseslərini vahid tam halında birləşdirməyə imkan verəcək.

Ötən ilin avqustundan start götürən ERP sisteminin tətbiqi layihəsi özəlləşdirildikdən sonra şirkətin həyata keçirdiyi ən iri layihələrdən biridir.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu sahədə yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Həmçinin, "SOCAR/TURCAS Rafineri AŞ" bu il iyunun əvvəlindən Türkiyənin enerji bazarının tənzimləyicisindən neft emalı zavodunun tikintisi üçün xüsusi icazə alıb. Yeni zavodun gücü ildə 10 milyon ton təşkil edəcək ki, bunun dörd milyon tonu "Petkim"in xammala olan tələbatının ödənilməsinə sərf olunacaq. Yerdə qalan hissə, o cümlədən dizel, aviasiya yanacağı və digər enerjidaşıyıcılar Türkiyə və Avropa bazarlarında satılacaq.

Xəbər lenti

Xəbər lenti