Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.İsmayılov/
Proqnozlara əsasən, ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarına qazın vurulmasını noyabrın 5-dək başa çatdıracaq. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbə bildirib.
Hazırda ölkə iki yeraltı qaz anbarına ("Qaradağ" və "Qalmaz") malikdir.
Mənbənin sözlərinə görə, hazırda Azərbaycanın yeraltı qaz anbarlarında qazın həcmi 2,77 milyard kubmetr təşkil edir. Onlardan 1,35 milyard kubmetr "Qaradağ" anbarının, qalan 1,42 milyard isə "Qalmaz"ın payına düşür.
Anbarlarda olan qazın ümumi həcmindən 1,13 milyard kubmetrdən çoxu ötən ildən qalan qazdır. Qazvurma mövsümündə yeraltı qaz anbarlarına ARDNŞ tərəfindən 1,64 milyard kubmetrə yaxın qaz vurulub.
"Proqnozlara əsasən, qaz anbarlarına qazvurma prosesi noyabrın 5-dək başa çatmalıdır", - mənbə bildirib. Lakin mənbənin əvvəllər dediyi kimi, proses noyabrın 15-dək uzana bilər.
Mənbənin qeyd etdiyi kimi, qazvurma prosesi noyabrın 15-nə başa çatsa, yeraltı qaz anbarlarında qazın həcmi üç milyard kubmetrədək çatdırıla bilər.
Ötən il ARDNŞ ölkənin yeraltı qaz anbarlarına iki milyard kubmetrə yaxın qaz vurub. Bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr olub.
ARDNŞ-nin məlumatlarına əsasən, keçən il "Qaradağ" yeraltı qaz anbarına 507,7 milyon kubmetr, "Qalmaz"a isə 794,9 milyon kubmetr qaz vurulub.
Payız-qış mövsümündə qazdan istifadə etmək üçün Azərbaycanın yeraltı qaz anbarlarına qazvurma prosesi adətən oktyabrda başa çatır.